Dünya təhlükəsizlik sistemi sürətlə transformasiyaya uğrayır və bu, qlobal silahlanma yarışını görünməmiş həddə çatdırıb. Supergüclər və regional aktorlar arasındakı strateji rəqabət dərinləşdikcə, müdafiə xərcləri rekord səviyyəyə yüksəlir.
Gərginliyin ən kəskin hiss olunduğu regionlardan biri Asiya–Sakit okean məkanıdır. ABŞ-ın qlobal liderliyini qorumaq cəhdləri ilə Çinin sürətli yüksəlişi arasındakı strateji rəqabət artıq yalnız iqtisadi və diplomatik müstəvidə deyil, həm də hərbi sahədə açıq şəkildə görünür. Pekinin Tayvan ətrafında təzyiqləri artırması, Vaşinqtonun isə AUKUS və QUAD kimi platformalar vasitəsilə Çinin təsirini məhdudlaşdırmağa çalışması bir çox analitikləri ABŞ–Çin qarşıdurmasının real silahlı münaqişəyə çevrilə biləcəyi barədə düşündürür.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, dünyada hazırda kifayət qədər gərgin siyasi atmosfer hökm sürür:
“Vəziyyətin bu dərəcədə gərgin olması yeni münaqişə ocaqlarının yaranmasına, sönmüş sahələrin isə təkrar alovlanmasına səbəb olur. ABŞ–Çin münasibətləri, ABŞ–İran gərginliyi, İran–İsrail qarşıdurması, eləcə də Yaxın Şərqdə davam edən destabilizasiya buna ən aydın nümunələrdir. Bir müddət əvvəl ABŞ Prezidenti Donald Trampın Cənubi Koreyaya səfərindən öncə Vaşinqton Tayvana nəzərdə tutulan 450 milyon dollarlıq hərbi yardımı dayandırmışdı. Lakin bir neçə gün əvvəl ABŞ administrasiyası Tayvana 750 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqlədi. Bu addım Pekin–Vaşinqton xəttində gərginliyin daha da artmasına səbəb olacaq”.
Politoloq əlavə edib ki, Avropa İttifaqı (Aİ) Çinlə münasibətlərin gərginləşməsini istəmir:
Aparıcı Avropa dövləti olan Almaniyanın kansleri Fridrix Merz yanvarın ilk həftəsində Çinə səfər edəcək. Səfər zamanı ABŞ–Çin, eləcə də Aİ–Çin münasibətləri müzakirə olunacaq.
Kansler Merz çıxışlarında dəfələrlə bildirib ki, Pekin Moskvaya təsir göstərə biləcək yeganə böyük güclərdən biridir. Bu səbəbdən həm Aİ, həm də Çin mümkün müharibədən yayınmağa çalışacaq. Çünki belə bir toqquşma bütün dünyanı fəlakətə sürükləyə bilər.
Yaponiya ilə Çin arasında münasibətlər gərgindir və bu, əsasən adalar mübahisəsi və Tayvan məsələsi ilə bağlıdır. Tokio Vaşinqtonla çox yaxın müttəfiqlik əlaqələrinə malikdir və son illərdə qanunvericilikdə dəyişiklik edərək sürətlə silahlanma proqramlarını gücləndirib.
Ümumilikdə demək olar ki, vəziyyət həddindən artıq kritikdir. Bir çox regionda balans dəyişir, böyük güclər arasındakı rəqabət isə dünya siyasətində qeyri-müəyyənliyi daha da artırır”.