Yasamal rayonun, A.M. Şərifzadə 196 ünvanında yerləşən 5 bloklu yaşayış binası növbəti dəfə ciddi yanğın təhlükəsi ilə gündəmə gəlib. Binanın sakini, ARB24 televiziyasının baş redaktor müavini Aynur Nəsirova sosial mediada paylaşım edərək vəziyyəti “kritik” adlandırıb və həyəcan təbili çalıb. Onun sözlərinə görə, binanın birinci mərtəbəsində fəaliyyət göstərən kafenin tüstü bacaları, açıq kondisioner sistemi və elektrik kabelləri birbaşa ikinci mərtəbənin divarına dirənib. Bu isə həm yanğın riskini artırır, həm də binanın konstruksiyasına təhlükə yaradır.
Aynur Nəsirova qeyd edib ki, binanın həyətindən çıxış yalnız bir nöqtədədir:
“Beş bloklu həyətə bir çıxış var. Bloklarda təxliyə qapıları olsa da, təcili tibbi yardım və ya yanğınsöndürən maşının yaxınlaşması mümkün deyil. Həyət tamamilə maşın dayanacağına çevrilib. Burada yaşayan insanlar sözün əsl mənasında Allaha pənah yaşayır”.
Binada yaxın qohumunun yaşadığını deyən Rahidə Bağırova isə problemlərin saymaqla bitmədiyini bildirib:
“Həyətə giriş-çıxış bərbad haldadır. Lift 5-ci blokda təhlükəli vəziyyətdədir. Minən hər kəs dua edir ki, nəsə olmasın. Bir dəfə kondisionerlərə görə yanğın da olmuşdu. Bina təmir edilməli olduğu halda hər tərəfi təhlükə saçır”.

Sakinlərin narahatlığı təsadüfi deyil. Xatırladaq ki, Yasamal rayonunun Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında ötən həftə baş verən dəhşətli yanğın ölkədə şok effekti yaratmışdı. Faciə nəticəsində binanın komendantı, 1983-cü il təvəllüdlü Samir Məmmədov, 7 yaşlı Arzu Qənbərli və Bakı Milli Geyim Evinin rəhbəri, 48 yaşlı Könül Vəlibəyli həyatını itirdi. Könül xanımın qızı Ləman isə ağır vəziyyətdədir. Ümumilikdə 27 nəfər tüstüdən zəhərləndi. Xəstəxanaya yerləşdirilənlərdən bəziləri öz istəkləri ilə özəl tibb müəssisələrinə köçürüldü.
Hadisədən sonra Musavat.com-un əməkdaşının görüşdüyü sakinlər bildiriblər ki, yanğına səbəb olan “LOFT” restoranı uzun müddətdir binanın zirzəmisində manqal yandırır, kabab çəkir, elektrik xəttini həddindən artıq yükləyirmiş. “Hibrid maşınları zaryadkaya qoşurdular, naqillər tab gətirmədi”, - deyə bir sakin bildirib.
Onların sözlərinə görə, restoranın qanunsuz müdaxiləsi nəticəsində binada tez-tez işıq, su, qaz kəsintiləri baş verir, şikayət edən sakinlər isə hədələnirmiş.
Hazırda həmin binaya nə qaz, nə elektrik, nə də su verilir. Sakinlər evlərini tərk etmək məcburiyyətində qalıblar.
Musavat.com-un əldə etdiyi məlumata görə, yanğına görə ittiham olunan “Loft” restoranının cavabdeh şəxsi hələ ötən il qayda pozuntularına görə məsuliyyətə cəlb olunubmuş. Bununla bağlı bina sakini Arif Arifli hələ ötən il Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik reaksiya idarəsinə müraciət edibmiş. Müraciət Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən araşdırılıb.
Araşdırma zamanı müraciətdə qeyd edilən Yasamal rayonu, M.Seyidov küçəsi bina 19A ünvanında yerləşən “Loft” adlı kafenin havalandırma sisteminin norma və qaydaların tələblərinə uyğun quraşdırılmadığı aşkar olunub. Kafenin cavabdeh şəxsi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunub, aşkar edilmiş nöqsanların aradan qaldırılması tələb edilib.
Qeyd edək ki, mövcud normativlərə görə, yaşayış binalarının altında iaşə obyektlərinin fəaliyyəti qadağan deyil. Lakin qanun bir çox məcburi şərt tələb edir: ayrıca giriş–çıxış qapısı olmalı, tüstü bacası və havalandırma sistemi xüsusi filtrasiya ilə təchiz edilməli, sakinlərin yaşadığı hissələrlə birbaşa təmas yaratmamalıdır. Arxitektura normaları isə zirzəmidə və qeyri-yaşayış sahələrində sonradan özbaşına dəyişiklik edilməsini qadağan edir. FHN dəfələrlə belə obyektlərə xəbərdarlıq edib: əlavə çıxışlar, yanğınsöndürmə avadanlıqları, siqnalizasiya və müntəzəm təmizlənən bacalar mütləqdir. Bu tələblərə əməl olunmadıqda obyekt bağlanmalıdır.
Mütəxəssislər bildirirlər ki, normativlər olsa da, onların tətbiqi zəifdir və çoxmərtəbəli binalarda yerləşən iaşə obyektləri ilə bağlı ayrıca, daha sərt tənzimləmələrə ehtiyac var. Sakinlərin təhlükəsizliyi təmin olunmadıqca, hər bina potensial faciə mənbəyinə çevriləcək.

Şahanə RƏHİMLİ
Musavat.com