Musavat.com xəbər verir ki, İtaliyanın “Kremoneze” klubunda çıxış edən 38 yaşlı hücumçu Ceymi Vardi oyunda olduğu vaxt evinin qarət edilməsi ilə bağlı xoşagəlməz olay yaşayıb.
Məlumata görə, hadisə A Seriyasının 12-ci turunda “Roma” ilə keçirilən görüş zamanı baş verib. Futbolçu və ailəsi evdə olmadığı üçün oğrular fürsətdən istifadə edərək pəncərəni sındırıb içəri daxil olublar. Evdən bahalı saatlar, zərgərlik məmulatları və müəyyən miqdarda nağd pul aparılıb. İlkin hesablamalar oğurluğun təxminən 100 min avro zərər vurduğunu göstərir.
İtaliya polisinin bildirdiyinə görə, cinayəti törədən dəstə əvvəlcədən futbolçunun və ailə üzvlərinin hərəkətlərini izləyib. Oğrular Vardinin evinin məhz həmin vaxt mühafizəsiz qalacağını dəqiq bilirmiş.
Hadisə ilə bağlı araşdırma davam edir və polis yaxın günlərdə təhlükəsizlik kameralarının görüntülərini də təhlil edəcək.
Musavat.com