Bakıda 41 yaşlı Pərvanə Eyvazovanın 3 günlük körpəsini dənizə ataraq öldürməsinin bəzi təfərrüatı məlum olub.
Musavat.com teleqraf.com-a istinadən bildirir ki, hava limanında çalışan Pərvanə Eyvazova 6 ay öncə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həyat yoldaşı Həmid Eyvazovdan rəsmən boşanıb.
Onların birgə nikahdan üç övladı olub. Böyüyünün 25 yaşı var.
Pərvanə Eyvazova hamiləlik dönəmində xüsusi korsetdən istifadə etdiyi üçün hamilə olduğu bilinməyib.
Onun keçmiş əri Həmid Eyvazov Teleqraf-a açıqlamasında bildirib ki, 2 ildir Pərvanə Eyvazova ilə münasibəti yoxdur, bu səbəbdən yeni doğulan körpə ilə bağlı DNT analizinin aparılmasını istəyib.
Keçmiş ərinin bu təklifindən sonra P.Eyvazova uşağı Türkan qəsəbəsində əvvəllər yaşadıqları evin arxasına dənizə atıb.
H.Eyvazov keçmiş həyat yoldaşını yalan danışmaqda ittiham edib: "Əvvəl dedi ki, uşaq ölü doğulub. Sonra dedi ki, iş yerinə vermək üçün xəstəxanadan uşağın ölü doğulduğuna dair sənəd ala bilmir. Birlikdə xəstəxanaya getməyimizi təklif etdim. Çıxılmaz vəziyyətdə qaldı və dedi ki, körpəni 3 min manata TikTok-dan tapdığı adama satıb, amma həmin adama zəng çatmır. Dedim polisə bildir ki, uşağımı aparıblar. 3 saat sonra zəng etdim, telefonu polis açdı və bildirdi ki, Pərvanə körpəni Türkanda kiməsə verib. 10-11 gün polislər Türkanda uşağı axtardılar. Ötən həftənin 5-ci günü polisə gedib və deyib ki, körpəni diri-diri dənizə atıb. Hər kəsə yalan danışıb. Ona inanmıram. Lap tutaq ki, uşağın atası mənəm, niyə öldürürsən? Özüm baxardım, niyə özünü övlad qatili elədin?!".
Qeyd edək ki, hadisə 14 gün öncə baş verib. Pərvanə saat 17 radələrində körpəsini dənizə ataraq öldürüb.
Apardığımız araşdırma zamanı bəlli olub ki, 41 yaşlı qadın hadisədən üç gün öncə oğlan uşağını Bakıda 3 saylı Doğum Evində dünyaya gətirib.
Məlumata görə, Pərvanə həyat yoldaşından boşansa da, Binə qəsəbəsində eyni evdə yaşayırlar. Onların qızları ali məktəbdə oxuyur.
Pərvanənin keçmiş həyat yoldaşının dənizdə işlədiyi bildirilir. Türkanda yaşayan atasının isə yataq xəstəsi olduğu deyilir.
Qeyd edək ki, faktla bağlı P.Eyvazova saxlanılıb, rayon prokurorluğunda araşdırma aparılır.
Faktla bağlı araşdırma aparılır.
