Futbol üzrə İngiltərə milli komandasının sabiq üzvü, hazırda “Kremoneze”nin şərəfini qoruyan hücumçu Ceymi Vardi qarət olunub.
Arena.az xəbər verir ki, hadisə bazar günü futbolçunun Salo şəhərindəki villasından baş verib.
Bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb. Qarət “Kremoneze”nin A Seriyasında “Roma” ilə keçirdiyi oyun (1:3) vaxtı gerçəkləşib. Ən azı üç nəfərdən ibarət olan quldur dəstəsi evə pəncərədən daxil olub. Onlar Vardinin evindən saatlar, müxtəlif zinət əşyaları və nağd pul oğurlayıblar.
İlkin hesablamalara əsasən, qarət nəticəsində dəymiş ümumi ziyan təxminən 100 min avro təşkil edir. Hadisə ilə bağlı araşdırma aparılır. İstintaqın fikrincə, cinayətkarlar əvvəlcədən Vardi və ailəsinin hərəkətlərini izləyiblər və evin nə vaxt nəzarətsiz qalacağını dəqiq biliblər.
Ceymi Vardi “Şeffild Uensdey”in yetirməsidir. Hücumçu, karyerası ərzində “Stoksbric Park Stilz”, “Halifaks Taun”, “Flitvud Taun” və “Lester Siti”də də çıxış edib.
Vardi 13 il “Lester Siti”in uğurları üçün çalışıb və bu klubun əfsanəsinə çevrilib. Veteran kapitanın “tülkülər”in heyətində çıxışının ümumi mənzərəsi 500 oyun, 200 qol, 71 məhsuldar ötürmədən ibarətdir.
Vardi 2015-ci ilin iyun ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 26 oyuna 7 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
Ceymi Vardinin qənimətlər muzeyində “tülkülər”lə qazandığı İngiltərə Premyer Liqasında çempionluq (2015/2016), İngiltərə Kuboku (2021), İngiltərə Super Kuboku (2021/2022), həmçinin İngiltərə Çempionşipində qalibiyyət (2013/2014, 2023/2024) var. Həmçinin Vardi Premyer Liqanın 2015/2016-cı illər mövsümünün ən yaxşı oyunçusu seçilib, 2016-cı ildə isə İngiltərədə ilin oyunçusu elan edilib. 2019/2020-ci illər mövsümündə isə Ceymi Vardi 23 qolla Premyer Liqanın ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı veteran hücumçunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.
