AZ

Yeni dünya nizamında yeni güc mərkəzi -Türk dünyası

Ortaq tarixə, soy-kökə, milli-mənəvi dəyərlərə malik olan Türk dünyasının birliyi gündən-günə möhkəmlənir. Geniş bir coğrafiyanı, insan potensialını əhatə edən, yeni dünya nizamının qurulduğu bir vaxtda qlobal proseslərə təsir imkanlarını getdikcə artıran, siyasi, iqtisadi və humanitar tərəfdaşlığı gücləndirən Türk Dövlətləri Təşkilatı (TDT) vahid siyasi-mədəni strategiyadan çıxış edərək mühüm güc mərkəzinə çevrilmək yolunda inamla addımlayır. Zəngin təbii ehtiyatlara malik olan, qlobal ticarət arteriyasının üzərində yerləşən, geniş coğrafiyanı əhatə edən TDT ölkələrinin ümumi ÜDM artım tempi orta hesabla 5,4 faizə çataraq qlobal artım tempini (2,3) iki dəfə üstələyib. TDT ölkələri üzrə ümumi ÜDM 1 trilyon 112,6 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin birinci yarısında qlobal ticarətdə artımın 1,7 faizə qədər azalmasına baxmayaraq, TDT ölkələri beynəlxalq ticarətdə güclü mövqeyini qoruyub, qlobal ticarət dövriyyəsinin 4,2 faizini təşkil edərək ümumilikdə 701,6 milyard ABŞ dollarına çatıb. Azərbaycan və Qazaxıstan davamlı ticarət profisitinə malikdir. Azərbaycanın ticarət profisiti 920 milyon ABŞ dolları, Qazaxıstanın isə 7,68 milyard ABŞ dolları olub. Özbəkistan tekstil, minerallar və kənd təsərrüfatı məhsulları hesabına ümumilikdə 29,1 fazi ixrac artımına nail olub.

Yaşıl və rəqəmsal iqtisadiyyata keçid TDT ölkələri üçün prioritet olaraq qalır. Qazaxıstan 2025-ci ildə bərpaolunan enerji layihələri üçün 3,2 milyard ABŞ dolları ayırıb. Bu layihələrə Günəş və külək enerjisi daxildir. Özbəkistan isə yaşıl istiqrazlar vasitəsilə davamlı infrastruktur layihələrini maliyyələşdirmək üçün 1 milyard ABŞ dolları toplayıb. Azərbaycan yaşıl enerji və rəqəmsal infrastruktur sahəsində investisiyalarını sürətləndirərək, xüsusilə ağıllı idarəetmə və elektron hökumət xidmətlərinin inkişafına diqqət ayırır.

Bu gün Azərbaycan türkdilli məkanın birləşdirici sütunu rolunu oynayır. Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir. Son bir neçə ildə dövlətimizin başçısının Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının-SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə marağın əyani təsdiqidir.

Türkdilli məkanın birləşdirici sütunu rolunu oynayan Azərbaycan geosiyasi və iqtisadi baxımdan da Mərkəzi Asiya ölkələri üçün etibarlı tərəfdaşdır. Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər üzərindən multimodal daşımalar, Şərq-Qərb və Şimal-Cənub koridorlarının sinxronlaşdırılması, liman və dəmir yolu şəbəkələrinin modernləşdirilməsi, Orta Dəhlizin prioritetə çevrilməsi – bütün bunlar Azərbaycanı bu gün Avrasiya logistik xəritəsinin mərkəzinə çıxarıb. TRIPP layihəsi, Zəngəzur dəhlizi ideyası, Naxçıvanla birbaşa quru bağının yaradılması kimi təşəbbüslər regionu yeni mərhələyə daşıyır. Azərbaycanın yaratdığı bu infrastruktur yalnız iqtisadi layihə deyil, Mərkəzi Asiyanı Avropa ilə birləşdirən strateji arteriesidir. Bu marşrutların bugünkü uğuru illər əvvəl vaxtında görülmüş işlərin və siyasi iradənin məntiqi nəticəsidir.

Prezident İlham Əliyev noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır: “Azərbaycan Türk Dövlətləri Təşkilatına hazırda sədrlik edən ölkə kimi üzv ölkələrin vətəndaş cəmiyyəti təsisatları arasında da ictimai kommunikasiyanın gücləndirilməsinə çalışır. Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qızıl Aypara Cəmiyyətləri Prezidentlər Şurasının iclasının keçirilməsi, QHT-lərin indiki həmrəylik forumu və ardınca TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin növbəti toplantısı bu sahədə aparılan işlərin miqyasını və çoxşaxəli xarakterini nümayiş etdirir”.

Dövlət başçısı əminliklə bildirib ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır.

Azərbaycan Cənubi Qafqazda sabitliyi təşviq edən, iqtisadi əlaqələri dərinləşdirən və regionun Avropa ilə Mərkəzi Asiya arasında siyasi, iqtisadi və logistika körpüsü rolunu gücləndirən aparıcı aktora çevrilir. 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi regional əməkdaşlığın Xəzərin o tayına keçərək Türk dünyası istiqamətində yeni mərhələyə yüksəldiyini göstərən tarixi bir addımdır.  Dövlətimizin başçısı vurğulayır ki, Azərbaycan təkcə sammitin deyil, həm də Mərkəzi Asiya ölkələrinin iqtisadi əməkdaşlığının tamhüquqlu iştirakçısına çevrilir. Bu, təkcə Mərkəzi Asiyada deyil, həm də Cənubi Qafqazda yeni reallığın formalaşdığını göstərir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı Orta Dəhlizin və Zəngəzur xəttinin güclənməsini təmin etməklə yanaşı, nəqliyyatla birlikdə rabitə dəhlizləri, rəqəmsal infrastruktur və kibertəhlükəsizlik sahələrində daha sıx inteqrasiyanı mümkün edərək Türk dünyasının gələcəyə yönəlik strateji bütövlüyünü möhkəmləndirir. Azərbaycan regional kommunikasiyaların təhlükəsizliyini və fasiləsizliyini təmin etməklə bölgədə etibarlı tranzit ölkə statusunu bir daha təsdiq edir. C5+Azərbaycan və C5+1 çərçivəsində tranzit tariflərinin hərtərəfli koordinasiyası, keçid müddətlərinin azaldılması, gömrük prosedurlarının tam rəqəmsallaşdırılması, multimodal logistikanın (dəniz–dəmir yolu–avtomobil) inteqrasiyası kimi addımlar tam reallaşacağı halda 2030-cu ilə qədər Azərbaycan üzərindən keçən tranzit yüklərinin azı bir neçə milyon ton artması realdır. Ekspertlərin bildirdikləri kimi, Qazaxıstan və Türkmənistan neftinin Bakı-Tbilisi-Ceyhan xətti vasitəsilə daşınması, Türkmənistan qazının svop mexanizmləri ilə Azərbaycana ötürülməsi və Xəzər dənizindən keçən enerji dəhlizlərinin Avropaya çıxışı regional enerji təhlükəsizliyini artıran əsas addımlar sırasındadır. Bununla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu və Xəzər keçişli logistika xətləri Orta Dəhlizin əhəmiyyətini artıraraq Azərbaycan ilə Mərkəzi Asiya arasında ticarət və strateji əlaqələri möhkəmləndirir.

Bütün bunların fonunda əminliklə demək olar ki, beynəlxalq münasibətlər sistemində mövqeyini getdikcə möhkəmləndirən Türk dünyası yeni güc mərkəzinə çevirlmək yolunda inamla irəliləyir.

Zahid Rza, “İki sahil”

Seçilən
33
ikisahil.az

1Mənbələr