AZ

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Aqşin Evrən yazır…

Məşhur frazanı bilirsiniz: “Toplar danışanda diplomatlar susurlar”.

Birini də mən deyim: “Siyasilər barışanda müğənnilər qucaqlaşırlar”.

Samirə Əfəndi ilə Saro Gevorkyan kimi…

Düzü, müğənnilərin xalqları barışdıra biləcəyi düşüncəsindən çox-çox uzağam – Azərbaycan xalqı 30 il ərzində Qarabağdan nə qədər uzaq idisə, o qədər.

Uzaq demişkən, çox uzağa getmədən, elə bura – 1980-ci illərin sonlarına aparım sizi.

Görkəmli sənətçilərimiz Lütfiyar İmanov, İlhamə Quliyeva, Elmira Rəhimova, Zeynəb Xanlarova, Nisə Qasımova “Dostluq” mahnısını oxumuşdular.

Mahnı belə başlayır:

“Əzəldən qardaşdır ellərimiz,

Dost olub, birləşib əllərimiz.

Çörəyi bir olub, ürəyi bir olub, diləyi bir olub ellərimizin.

Kür, Araz, Ararat,

Gözəldir bu həyat.

Qardaş olub Hayastan–Azərbaycan”.

Bəli, bizim sadəlövh sənətkarlarımız elə bilmişdilər ki, bu mahnını eşidən erməni işğalının ideoloqları – akademik Aqambekyan, İqor Muradyan, Levon Ter-Petrosyan, Robert Köçəryanın bir cüt bəyaz qanadı çıxacaq, onlar öz minnoş qanadları ilə Qarabağ üzərində pərvazlanıb sülh mesajı verəcəklər. Beləcə iki xalq barışacaq.

Amma elə olmadı. Nə edək. Alınmadı.

Bizim müğənnilər Bakıda “ermənilərlə qardaşıq” deyərkən ermənilər Xankəndidə “Miatsum” deyirdilər.

İlhamə Quliyeva 1987-də Bakıda erməni müğənnini Samirə Əfəndisayaq qucaqlayanda ermənilər Xankəndidə azərbaycanlılara hücum edirdilər.

Lütfiyar İmanovun, İlhamə Quliyevanın barışdıra bilmədiyi iki xalqı indi Samirə Əfəndi barışdıracaq?

Sual ritorikdir.

Ancaq gəlin etiraf edək ki, əvvəl-axır regiona sülh gəlməlidir. Silahlar susmalı, siyasilər barışmalı, müğənnilər qucaqlaşmalıdır.

Silahlar vaxtında susdu, siyasilər tam zamanında barışdı – bircə müğənnilər qucaqlaşmağa tələsdi.

Adama deyərlər, nə həşirdir? Gözləyin dəhliz açılsın da.

Samirə Əfəndinin 12 ballıq qucaqlaşmasına cəmiyyətimizin etirazı təbiidir. Amma Qarabağ qazisinin qızını məhz Qarabağa görə ağır təhqir atəşinə tutmaq anlaşılmazdır, paradoksdur.

Cəmiyyətin ona aqressiv reaksiyasını başa düşmək olar. Ermənilərə görə bu xalqın 4 nəslinin həyatı məhv olub. Xüsusi günlərdə Şəhidlər Xiyabanına getmək kifayətdir – orda yaşananları görəndə dünya adamın başına uçur.

Ümumiyyətlə isə sülh prosesi bəzən müharibə aparmaqdan da ağrılı olur.

Çünki müharibə lokal, sülh total anlayışdır. Bütün bir cəmiyyətlə, bütün bir ölkə ilə barışmalı olursan.

Bu barışıq isə nə müğənnilərin qucaqlaşmasından, nə də qarşılıqlı ballaşmasından asılıdır.

Gerçək barışıq üçün ortaya siyasi və tarixi iradə qoyulmalıdır. İlk növbədə, Ermənistan cəmiyyəti revanşist təfəkkürdən təmizlənməlidir.

Onların tarixçiləri, politoloqları hələ də Qarabağ məsələsinin bitmədiyini deyirlər.

Məsələn, Tatevik Ayrapetyan adlı bir azərbaycanşünas tarixçi var.

Allah qoymasa, guya bizi ən yaxşı tanıyan ermənilərdəndir. Dilimizi, mədəniyyətimizi, tariximiz, yaşadıqlarımızı bilir. Di gəl, yenə revanşist ideyalar yayır.

İrəvan Dövlət Universitetində müəllimdir: təsəvvür edin, hər il yüzlərlə erməni gəncin beynini Azərbaycana qarşı düşmənçilik ideyaları ilə doldurur.

İndi hansısa tarixçimiz çıxıb Tatevik Ayrapetyana “səni qucaqlamaq istəyirəm” desə, cavabının nə olacağını təxmin edirsiniz.

Ona görə də sülh üçün Gevorkyanların belini qucaqlamaq yox, Ayrapetyanların beynini təmizləmək lazımdır.

Nə qədər ki bu məsələ həllini tapmayıb, Samirə Əfəndilərin havaya buraxdığı “sülh quşları” cəmiyyətin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulacaq.

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
globalinfo.az

1Mənbələr