AZ

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri Azərbaycanda həmrəylik nümayiş etdiriblər

Tarixi bağlılığa, ortaq dəyərlərə malik olan türk dövlətlərinin sıx əməkdaşlıq münasibətləri qurması və gündən-günə inkişaf etdirməsi sevindiricidir. Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının (QHT) ilk dəfə bir platformada toplaşması bu istiqamətdə növbəti uğurlu addım olub.

Açılış mərasimi noyabrın 24-də Bakıda keçirilən, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500-dən çox vətəndaş cəmiyyəti təmsilçisinin qatıldığı forum  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə təşkil olunan ən böyük tədbir kimi yadda qalıb.

Dövlətimizin başçısı İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına ünvanladığı məktubda qeyd olunub ki, türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. Prezident İlham Əliyev ilk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunu bu istiqamətdə atılmış mühüm addım kimi dəyərləndirib.

Hazırda dünyada mürəkkəb ictimai-siyasi hadisələr baş verməkdədir. Təəssüf ki, hamımızın evi olan Yer kürəsinin yeganə xilas yoluna - sülhə, sabitliyə xidmət etməyən, dəstəklənməyən, bütün xalqların rifahına səy göstərmək yerinə, qarşıdurmalara rəvac verənlər, münaqişələri alovlandırmağa çalışanlar az deyil. Belə bir zamanda dostluq, xeyirxahlıq üzərində qurulan əməkdaşlıqlar olduqca mühüm və əhəmiyyətlidir.

Təqdirəlayiqdir ki, türk dövlətləri sülh, sabitlik, inkişaf istiqamətində qurduqları əməkdaşlığı daha da möhkəmləndirirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, tərəqqi ideyalarına sadiq olan dost və qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər möhkəm bir ailə kimi birləşdirir, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsini şərtləndirir.

Dövlətimizin başçısı Azərbaycanın Türk Dövlətləri Təşkilatına hazırda sədrlik edən ölkə kimi üzv ölkələrin vətəndaş cəmiyyəti təsisatları arasında da ictimai kommunikasiyanın gücləndirilməsinə çalışdığını diqqətə çatdırıb. Qeyd edib ki, bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qızıl Aypara Cəmiyyətləri Prezidentlər Şurasının iclasının keçirilməsi, QHT-lərin indiki həmrəylik forumu və ardınca TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin növbəti toplantısı bu sahədə aparılan işlərin miqyasını və çoxşaxəli xarakterini nümayiş etdirir: "Bu gün türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır".

Dövlətimizin başçısı onu da nəzərə çatdırıb ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına ünvanladığı məktubda 2026-cı ildə 100 illiyi keçiriləcək I Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyası məsələləri ilə bağlı yarımçıq qalmış işlərinin QHT-lərin yaxından iştirakı ilə müasir çağırışlara uyğun davam etdirilməsinin önəmini də vurğulayıb. Dövlətimizin başçısı forum zamanı qurulacaq əməkdaşlıq əlaqələrinin türk dünyasında həmrəyliyin, birliyin və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Bakının evsahibliyi etdiyi forumda açılış nitqlərindən sonra iki - "Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü" və "Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu" panel müzakirələri keçirilib. "Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü"nün əsas müzakirə mövzusu regional əməkdaşlıq və vətəndaş cəmiyyətinin təşəbbüsləri olub. Zəngəzur dəhlizinin türk dünyası üçün strateji əhəmiyyətindən, bu marşrutun regiondaxili inteqrasiyanı gücləndirən mühüm nəqliyyat və əməkdaşlıq xətti kimi rolundan danışılıb, vətəndaş cəmiyyəti institutlarının bu prosesə verdiyi töhfələri diqqətə çatdırılıb. İkinci panel müzakirələrində isə iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, gənclərin fəallığının artırılması, sosial innovasiyaların təşviqi, icmaların inkişafı və könüllülük fəaliyyətinin genişləndirilməsi gələcək əməkdaşlığın prioritet istiqamətləri sırasında yer almalıdır.

Noyabrın 25-də TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işini Naxçıvan şəhərində davam etdirib. Forum çərçivəsində rəsmi çıxışlar edilib. "WUF13-ə doğru - Türk dünyasında ilk" mövzusunda panel müzakirə keçirilib. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı nəhəng quruculuq və bərpa işlərinin miqyasının və sürətinin dünyanın post-münaqişə bölgələri üçün nümunə olması diqqət mərkəzində saxlanılıb. 

Xatırladaq ki, bu ilin aprelində Bakıda dünyanın üçdə iki hissəsini əhatə edən bölgədən olan vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə Qlobal Cənub QHT Platforması da təsis edilib. Eyni zamanda 2025-ci ildə dünya müsəlmanlarının 60 faizinin yaşadığı, "İslam Səkkizliyi" adlanan D8 ölkələrinin QHT-lərinin ilk görüşü də Azərbaycanda təşkil olunub. Oktyabrın 20-də Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində "Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası" adlı panel müzakirəsində son iki ildə Azərbaycan QHT-lərinin ən böyük uğurunun dünyaya açılmaları olduğu xüsusi vurğulanıb. Bu istiqamətdə prosesin mühüm tərkib hissəsi Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin Platformasının təsis olunmasıdır.

Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan"

Seçilən
153
20
azerbaijan-news.az

10Mənbələr