
"Boşanmalar uşağa ən yaxın iki obraz - ata və ana ilə arasında olan bağlılığın dağılması səbəbi ilə bir sıra emosional narahatlığı özü ilə gətirir. Uşaq özünü bir növ təhlükədə hiss etmiş olur. Bəzən azyaşlılarda itirmək və sevilməmək qorxusu formalaşır. Güvənsizlik, özünü günahlandırma, şübhəçilik, qeyri-adekvat qiymətləndirmə, assosiallıq kimi hallar yaşanır".
Bu sözləri psixoloq Aydan Məmmədova Missiya.Az-a açıqlamasında deyib.O bildirib ki, belə uşaqlarda hər məsələdə geriləmələr baş verir. Kiçik yaşlı uşaqlarda bu daha çox aqressiv davranışlarla özünü göstərir. Həmçinin burada gecə yatan zaman yatağını islatmaq olsun, yuxu problemləri, hətta düzgün qidalanmamaq, emosional olaraq daimi bir gərginlik və bu gərginliklər nəticəsində partlayışlar meydana çıxır. Bu hallar yeniyetməlik dövründə olan uşaqlarda isə depressiya ilə özünü götərir. Akademik səviyyədə olan göstəriciləri yüksək idisə, bu aşağı düşür və ailəyə qarşı da bir üsyan içində olurlar. Boşanma zamanı da nə ana, nə də atanı istəməyə bilərlər.
Psixoloqun sözlərinə görə, uşaqlar bu zaman əsasən nə baş verdiyini anlamaqda çətinlik çəkir. Valideynlər bu zaman bu prosesin onun günahı olmadığını aydınlaşdırmalıdırlar. Məsələyə problem fokuslu deyil, məsələnin həlli yolunun bu seçim olduğunu izah edərək uşağın beynində aydınlıq yaratmağa yanaşılmalıdır. Çünki bu zaman uşağın beynində suallar dolaşır: "nə üçün?", "niyə?", "nə olacaq?". Bu məsələrin nəticəsində uşaqlarda daha sonra duyğu və emosiyalarını ifadə etməkdə çətinlik yaşana bilir. Gündəlik adət halında olan fəaliyyətlərində qeyri-sabitlik müşahidə özünü göstərir. Məsələn, məktəbə gedirdisə, artıq getməyə bilər. Sabitliyin qorunması və uşağın doğru olan şeylərə təşviq edilməsini qorumaq lazımdır. Uşağın gündəlik həyatının əvvəlki axarında davam etməsini təmin etmək şərtdir.
"Uşaq valideynlər arası konfliktlərdə bir mənalı şəkildə uzaq tutulmalıdır. Bir tərəfdə digər valideyni pisləyərək deyil, danışılıb anlaşılma yolu ilə boşanma qərarını vermək uşağa izah edilməlidir. Nə ana atanı, nə də ata ananı günahlandırmamalıdır. Bir sözlə, burada ata və ana arasında olan münasibət sadəcə iki şəxs arasında qalmalıdır. Bəzən valideynlər bunu qoruduğu halda 3-cü şəxslər nənə, baba, digər qohumlar da uşaqlara yükləmələr edə bilərlər. Bu halların qarşısını alınmaq üçün hər iki valideyn də iştirak edərək uşağa dəstək olmağı bacarmalıdırlar. Bacı, qardaş və ya bir neçə uşaq varsa, onların arasında ayrıseçkilik etmədən hər uşağa eyni cür davranılmalıdır. Boşanmaların psixoloji təsirlərini azaltmaq üçün ailə və fərdi terapiya önəmlidir. Bu uşağın duyğularını sərbəst şəkildə ifadə etməsinə, baş verən hadisələri aydınlaşdırmasına səbəb olur. Daha kiçik yaşlı uşaqlarda isə oyun terapiyası tətbiq olunur. Bu zaman terapiya daha effektiv olur. Valideynlər ana ata olaraq bir əməkdaşlıq içində olmalıdırlar. Valideyn və psixoloqdan əlavə burada sosial qrupların rolu da var. Məsələn, müəllim kimi. Uşağın sosial mühitə uyğunlaşdırılması, istər idman, istər incəsənətə sövq edilməsi, maraq dairəsinin üzə çıxarılması vacibdir. Boşanma çətin bir məqam olsa da, düzgün şəkildə yanaşılarsa, uşağın emosional sağlamlığı qorunacaq. Bu mərhələdə mütəxəssis yardımı almaq da məsləhətdir",-Aydan Məmmədova əlavə edib.
İlahə QənbərliMissiya.Az