Bakının Nərimanov rayonunda “Baksol” yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümündə təqsirli bilinən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Teleqraf xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra dövlət ittihamçısı Coşqun İsgəndərov cinayət işinin məhkəmə baxışına verilməsini, işin araşdırılmasını istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi, anası Fərid Abbasova və onun vəkili Mədinə Zeynalabdin qızı etiraz etməyiblər.
Amma təqsirləndirilən şəxsin vəkili Anar Ramazanov işin məhkəmə baxışına verilməsinə etiraz edib. Bildirib ki, ötən gün təqsirləndirilən şəxs ilə müqavilə bağlayıb və cinayət işi ilə tanış olmayıb: "Bəzi məsələlər var ki, onları məhkəmənin hazırlıq iclası mərhələsində həll olunmalıdır. Buna görə də cinayət işi ilə tanış olmaq üçün hazırlıq iclasının təxirə salınmasının istəyirik. Çünki bəzi sənədlərin sübutlar siyahısından çıxıaırılması, əlavə olunması hazırlıq iclası mərhələsində həll olunur. Bizim də bəzi vəsatətləriniz ola bilər. Təqsirləndirilən şəxsin öz vəkili olmayıb, buna görə də için necə getməsi tam olaraq ona aydın olmayıb ".
Daha sonra çıxış edən təqsirləndirilən şəxs bildirib ki, ona ibtidai istintaq zamanı dövlət hesabına vəkil təyin olunub və həmin vəkillə təması olmayıb. Onun sözlərinə görə, baş verən olayla bağlı ona heç bir aidiyyatı yoxdur: "Mən özümü qətiyyən təqsirli bilmirəm. Cinayət işi ilə tanış olmuşam. Amma orada bəzi sənədlər işə əlavə edilməyib. Mənim orada işlədiyim haqda əmr var. Bu işin mənə heç bir aidiyyatı yoxdur.Həmin dövrdə nə orada işləmişəm. Bu barədə sənədlər işə əlavə olunmayıb ".
Hakim müdafiəçinin işlə tanış olması üçün hazırlıq iclasının davamını dekabrın 9-a təyin edib.
Qeyd edək ki bu il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında “Baksol” yolu ərazisində yolun çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşərək ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cələb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.
Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.
Xatırladaq ki, Cümşüd Cümşüdlü "Sab Azərbaycan"nın əməkdaşı olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta