Yeni ilin gəlməsinə cəmi 1 ay qalıb. Artıq bayramı bölgələrdə qeyd etmək istəyənlər qiymətlərlə maraqlanmağa başlayıblar.
Gundem.az Milli.az-a istinadən xəbər verir ki, bölgələrdə fəaliyyət göstərən hotellər Yeni il gecəsi üçün müxtəlif şou-proqramlar hazırlayıblar.
Hətta bəzi hotellər yerlərin məhdud olduğunu və qiymətlərin daha da bahalaşa biləcəyini bildirirlər. Hotellərdən biri ilə əlaqə saxladıqda 31 dekabr gecəsi üçün 1240-2000 manat arası məbləğ tələb olunduğu deyildi. Bu məbləğə səhər yeməyi, şam yeməyi, bir sıra xidmətlər, şou-proqram və əyləncələr daxildir.
Yeni ildə kirayə evlərə də tələbat artır. Amma ev sahibləri hər hansı əyləncə təklif etmir. Bu isə qiymətlərin daha çox bahalaşa biləcəyindən xəbər verir. Hazırda kirayə evlərin günlük qiyməti 50-200 manat arasında dəyişir. Qiymətlərin yüksək olmasının səbəbi isə bayram günlərində bölgələrə axının çox olmasıdır.
Turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildirib ki, xaricə üz tutan turistlərin sayı da az deyil:
"Əhali daha çox Gürcüstana, Rusiyaya səfər edir. Bizdəki 5 ulduzlu hotellərin qiymətləri ilə xaricdəki qiymətlər demək olar ki, eynidir".
Bu qiymətləri eşidən bir çoxları isə Yeni ili evdə qarşılamağa qərar verir.