Qazaxıstan və Özbəkistan arasında turizmin inkişafı və nəqliyyat əlaqələrinin dərinləşdirilməsi üzrə iş gücləndirilib.
Hafta.az-ın Azərtac-a istinadən yazır ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin xətti ilə üç yeni hava marşrutu istifadəyə veriləcək. Bu il dekabrın 1-dən etibarən SCAT Hava Yolları Türküstan-Buxara, Türküstan-Ürgenç (Xivə) və Türküstan-Səmərqənd marşrutları üzrə müntəzəm uçuşlar həyata keçirəcək. Bu marşrutlar turizmin inkişafına və Böyük İpək Yolu boyunca yerləşən şəhərlərin təşviqinə, eləcə də regional nəqliyyat əlaqələrinin gücləndirilməsinə və xarici turistlərin axınının stimullaşdırılmasına yönəlib.
Bundan əlavə, Qazaxıstan Respublikasının Turizm və İdman Nazirliyi tərəfindən Mərkəzi Asiya İpək Yolu boyunca ortaq marşrut üçün yeni konsepsiya hazırlanıb. Buraya regionun əsas şəhərləri - Almatı, Şımkənd, Türküstan, Daşkənd, Səmərqənd, Buxara və Xivə daxil edilib.
2026-cı ildə iki ölkənin turizm resurslarını birləşdirmək məqsədilə Qazaxıstan və Özbəkistanın turizm potensialının birgə təşviq edilməsinin nəzərdən keçirilməsi planlaşdırılır.