Akademik Milli Dram Teatrında görkəmli sənətkar, Xalq artisti Amaliya Pənahovanın 80 illik yubileyinə həsr edilən “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub.
Gundem.az xəbər verir ki, tamaşanın nümayişindən əvvəl çıxış edən Mədəniyyət naziri Adil Kərimli Amaliya Pənahovanın Azərbaycan mədəniyyətindəki əvəzolunmaz rolundan danışıb. Bildirib ki, Amaliya Pənahova milli teatr və kino sənətimizə dəyərli töhfələr verməklə yanaşı, eləcə də teatr təşkilatçısı, pedaqoq idi və Ümummilli lider Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyev, o cümlədən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən onun sənəti hər zaman yüksək qiymətləndirilmiş, bütün mədəniyyət sahəsi olduğu kimi, böyük aktrisamızın da sənəti daim dövlət qayğısı ilə əhatə olunmuşdu.
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Bakı Bələdiyyə Teatrının baş rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov böyük sənətkar haqqında xatirələrini bölüşüblər, onun yaratdığı hər bir rolun uğurlu sənət yolundan danışıblar.
Daha sonra vaxtı ilə Amaliya Pənahovanın rol aldığı və uzunömürlü tamaşalardan olan “Xurşidbanu Natəvan” nümayiş olunub. Xalq yazıçısı İlyas Əfəndiyevin pyesi əsasında hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Kazım Abdullayev (Canişin), Əməkdar artist Anar Heybətov (Knyaz Xasay), Əməkdar artist Elşən Cəbrayılov (Seyid Hüseyn), aktyor Elçin Əfəndi (Hidayət xan), Xalq artisti Rafiq Əzimov (Mirzə Ruhullah), Əməkdar artist Elnar Qarayev (Mamayı), aktyor Vüsal Mustafayev (Zahir bəy), Xalq artisti Hacı İsmayılov (Qoca Knyaz), aktyorlar Ramin Şıxəliyev (Daşdəmir), Lalə Süleymanova (Bəyim), Əməkdar artist Mirzə Ağabəyli (kor kamançaçı), Əməkdar artist Kazım Həsənquliyev (Məliküldövlə), aktyorlar Cavidan Novruz (Nəvvab), Məhsəti Tahirzadə (Təhminə), Rüstəm Rüstəmov (Şahmar), Əməkdar artistlər Əlvida Cəfərov (Möhnət), Ayşad Məmmədov (Qala rəisi), Elşən Rüstəmov (Şahzadə), aktyor Tural İbrahimov (Mixaylov), Firuzə Balayeva, Elsevər Rəhimov, Elçin Nurəliyev, Nəzrin Abdullayeva (kültəvi səhnə) iştirak edirlər.








