Mənzil başına tez çatmaq üçün bəzi sürücülər avtomobili yüksək sürətlə idarə edir.
Sürət məsafəni qısa zaman kəsiyində başa vurmağa kömək etsə də, bir çox təhlükələrə də səbəb olur. Bu hal qəza səbəblərinin 10 faizini təşkil edir.
Bu gün sürücülər mütəmadi olaraq yollarda sürət həddinin qısa müddətdə tez-tez dəyişməsindən narazılıq edirlər. Çünki bu, onları qərar qəbul etməyə, ətraf mühiti izləməyə və sürətini tənzimləməyə təsir edir. Tez-tez dəyişən sürət hədləri diqqəti yayındırır və təhlükəli vəziyyətlərə səbəb olur.
Məsələn, Bakı–Qazax yolunda sürət həddinin tez-tez dəyişməsi sürücüləri çətin vəziyyətə salır, sürəti tənzimləməsini əngəlləyir.Bəs qəzaların baş verməməsi üçün sürət həddi müəyyən olunarkən, hansı amillər nəzərə alınmalıdır?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, yollarda sürət həddinin qısa müddətdə aşağı salınması düzgün deyil:

“Yol hərəkəti zamanı nişanlarda sürət həddinin kəskin azalması və ya çoxalması problemlərə səbəb ola bilər. Adətən sürətin çoxalmasında problem yaranmır, amma azaldılması tədricən olmalıdır. Çünki avtomobil hərəkət edərkən müəyyən bir ətalətlə, fiziki qanunlara uyğun olaraq hərəkət edir və onun dayanması üçün müəyyən zaman tələb olunur. Bu zaman müddətində sürət həddi tədricən aşağı salınmalıdır. Əksər hallarda sürət həddi bir anda 110 km/saatdan 60 km/saatadək düşür, hətta 110 km/saatdan 30 km/saatadək düşən yerlər də mövcuddur”.
Ekspert qeyd edib ki, bəzən yollarda aparılan təmir işləri səbəbindən sürət həddinin aşağı salınması ilə bağlı müvəqqəti olaraq xəbərdarlıq nişan qoyulur:
“Təbii ki, sürət həddini dərhal nizamlamaq praktik olaraq mümkün deyil. Hər halda sürət tədricən aşağı salınmalı və bu, standartlara uyğun şəkildə həyata keçirilməlidir. Yəni yollarda sürət həddinin qısa müddətdə deyil, tədricən azaldılmalı və yol nişanları bu prinsiplərə uyğun nizamlanmalıdır”.