AZ

Tibb mərkəzində iynədən ölüm: allergiya, yoxsa sistem problemi?

Farmakoloq: “Bu dərmanlar ölkəyə necə daxil olur, bu sual qaranlıq qalır”

Xəbər verildiyi kimi, iki gün əvvəl 1953-cü il təvəllüdlü bir qadın yüksək təzyiq şikayəti ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinə müraciət edib. Mərkəzdə ona inyeksiya vurulduqdan dərhal sonra qadının vəziyyəti kəskin pisləşib və o dünyasını dəyişib. TƏBİB-in məlumatına görə, həkim təyinatı ilə xəstəyə “Aktoseril” preparatı vurulub və inyeksiya anında qəfil, sürətlə inkişaf edən anafilaktik şok baş verib. Reanimasiya tədbirlərinə baxmayaraq, saat 11:30-da qadının bioloji ölüm faktı qeydə alınıb.

Bu dərmanın təhlükəlilik dərəcəsi, ümumiyyətlə hansı preparatların anafilaktik şok riski yaratması barədə suallar aktuallaşır. Çünki zaman-zaman bəzi antibiotiklərin və digər dərmanların təsiri nəticəsində ölüm halları barədə xəbərlər yayılır.

Qeyd edək ki, “Aktoseril” əsasən yara və yanıq səthlərinin sağalmasının sürətləndirilməsi, sinir sistemi xəstəliklərində, qanda oksigen çatışmazlığı və qan dövranı pozuntularında hüceyrə metabolizmini yaxşılaşdırmaq məqsədilə istifadə olunan preparat kimi təsnif edilir.

Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, farmakoloq Aydın Əliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Anafilaktik şok çox ağır bir reaksiyadır. Yəni, xəstədə anafilaktik şok yaranıbsa, deməli, həmin şəxsin reaksiyası o qədər ağır olub ki, həkimlər dərhal araşdırmağa başlayırlar, hansı dərmanlar qəbul olunub, bədən hansı maddələrə cavab verib, allergiya yaradan nə olub? Burada artıq söhbət xəstənin diaqnozunun və orqanizmin verdiyi reaksiyanın xüsusiyyətlərindən gedir. Bədənin belə ağır reaksiya verməsi tək bir dərmanla bağlı olmur, bəzən bədəndə baş verən hormonal, genetik və ya hüceyrə səviyyəsindəki proseslər birləşərək belə nəticə yaradır. Ona görə də kimdənsə soruşanda ki, bu reaksiyanın səbəbi sonradanmı yaranıb, hormonal mexanizmlərləmi bağlıdır – bütün bunların hamısı mümkün ehtimallardır və araşdırma zamanı üzə çıxa bilir.
Amma burada ikinci, daha əsas məsələ var. Söhbət dərmanın özü ilə bağlı geniş müzakirədən getmir. Əsas qaldırdığımız sual budur: dərmanlar Azərbaycana qeydiyyatdan keçmədən, yoxlanılmadan, tibbi ekspertizadan keçmədən necə daxil olur? Bu dərmanlar ölkəyə hansı mexanizmlərlə gətirilir, necə satışa çıxarılır – bu proses hələ də bizim üçün qaranlıqdır”.

Farmakoloq əlavə edib ki, dərman insanı sağaltmır, insanı sağaldan həkimin düzgün qoyduğu diaqnoz və ona uyğun seçilən müalicədir: “Dərman, qida, su – bunların hamısı sadəcə vasitədir. Bu vasitələr dəqiq, düzgün, steril və təyinatına uyğun şəkildə istifadə olunanda nəticə verir. Əgər hər hansı vasitə düzgün istifadə olunmursa, əlbəttə, ondan xeyir gözləmək olmaz. Düşünsək ki, dərman təkcə bir hədəfə təsir etsəydi, dünyada xəstəlik qalmazdı. Amma belə deyil – dərman orqanizmdə müxtəlif reseptorlara, fermentlərə və fərqli orqanlara təsir edir. Hər orqanın da müəyyən preparatlara qarşı həssaslığı fərqlidir. Bu da məsələni mürəkkəbləşdirir. Buna görə iki əsas məsələ var, birincisi, reseptsiz dərman verilməməlidir – bu artıq həkim nəzarətini zəruri edən məsələdir. İkincisi, həkimin dəqiq diaqnoz qoyması və uyğun müalicə seçməsi vacibdir. Amma eyni zamanda dərmanın keyfiyyəti də mütləq nəzərə alınmalıdır: dərman vaxtı keçmiş olmamalıdır, beynəlxalq standartlara uyğun istehsal olunmalıdır və Azərbaycana gətirilərkən bütün yoxlamalardan problemsiz keçməlidir. Bunların hamısı tibbi prosesin ayrılmaz hissəsidir”.

Aydın Əliyevin sözlərinə görə, antibiotiklər — xüsusilə də penisillin qrupuna aid olanlar - dünyada ən çox allergik reaksiya verən dərmanlardandır: “Ona görə də həkimlər müəyyən qaydalara əməl etməlidirlər. Xəstə qəbul olunanda ilk növbədə soruşulur: “Bu antibiotik sizə əvvəllər vurulubmu?” Əgər xəstə deyirsə ki, “Vurulub və heç bir allergiya olmayıb”, o zaman həkim həmin antibiotiki rahatlıqla təyin edə bilir. Əgər xəstə “Bilmirəm” və ya “Xeyr, vurulmayıb” deyirsə, bu zaman ehtiyat tədbiri görülür, dərmanın az miqdarı ilkin sınaq kimi qolun dərialtı nahiyəsinə vurulur. Əgər həmin sınaqdan sonra dəri şişir, qızarır və ya allergik reaksiya verirsə, deməli, o antibiotiki xəstəyə vurmaq qəti şəkildə olmaz.

Əksinə, heç bir reaksiya olmazsa, o zaman dərman təyin edilir. Yəni burada çox incə məqamlar var və bu məsələlər həqiqətən ciddi nəzarət tələb edir”.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr