AZ

Zəngəzur dəhlizi: “Proses siyasi dəyişikliklərdən asılı olmadan...”

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Zəngəzur dəhlizində işlər 2030-cu ildə başa çatacaq”.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

O bildirib ki, Azərbaycan tərəfi Naxçıvan tərəfindəki dəmiryollarını təmir edir və onu Ermənistan sərhədinə qədər çatdıracaq. Görüşəcək işlər çərçivəsində həm dəmiryolu, həm də quru yolu inşa ediləcək.

Nazir həmçinin qeyd edib ki, Zəngəzur dəhlizinin Horadizdən Bakıya qədər olan yol hissəsində tikinti işləri artıq tamamlanıb. Ümumilikdə isə Zəngəzur dəhlizində işlərin 2030-cu ildə başa çatacağı gözlənilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın səlahiyyət müddəti 2028-ci ildə başa çatır.

Maraqlıdır, işlərin 2030-cu ilə qədər uzanması 8 avqust razılaşmasına necə təsir edəcək?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a bildirib ki, 8 avqustda Ağ Evdə əldə olunan razılaşmaya əsasən, Zəngəzur dəhlizinə nəzarət ABŞ-yə verilib və dəhlizin açılması üçün maliyyə dəstəyi də ABŞ tərəfindən təmin ediləcək:

“İlkin mərhələdə 145 milyon dollarlıq sərmayənin ayrılması barədə razılıq əldə olunub. Türkiyəli nazirin qeyd etdiyi kimi, layihə üzrə bütün işlərin 2030-cu ilə qədər tamamlanmalıdır. Azərbaycan artıq öz öhdəliklərini yerinə yetirib və gələn ilin ortalarınadək həm avtomobil yolu, həm də dəmir yolu xətti Ermənistan sərhədinə qədər tam hazır olacaq. Ermənistan tərəfində isə işlərin seçkilərdən sonra, gələn ilin ikinci yarısında başlaması planlaşdırılır”.

Məhz Zəngəzur dəhlizində işlərin 2030-cu ilədək davam etməsini, eləcə də Donald Trampın prezidentlik səlahiyyətlərinin 2028-ci ildə başa çatacağını nəzərə alaraq, bunun prosesələrə təsir edib-etməyəcəyi məsələsinə gəlincə, ekspert vurğuladı ki, ABŞ elə bir dövlətdir ki, onun oturuşmuş və davamlı idarəetmə sistemi var:

“Orada şəxslərin dəyişməsi həmin xəttin kəskin şəkildə dəyişməsi demək deyil. Əgər ABŞ dövlət olaraq hər hansı layihədə iştirak edirsə və bu, onun milli maraqlarına uyğundursa, proses siyasi dəyişikliklərdən asılı olmadan davam edəcək. Bu baxımdan, 2030-cu ilə qədər işlərin uzanmasının Trampın hakimiyyətdə olub-olmamasına təsir göstərəcəyini düşünmürəm”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr