AZ

Ermənistan vətəndaşlarının məhkəməsində 6 təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 27-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmədə təqsirləndirilən şəxslərin müdafiəçilərinin çıxışı başlayıb.

Təqsirləndirilən Qurgen Stepanyanın müdafiəçisi Zümrüd Səmədova çıxışının əvvəlində xatırladıb ki, dövlət ittihamını müdafiə edən prokuror Q.Stepanyanın 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş edib. Müdafiəçi bildirib ki, təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamlarda təqsirli bilmir. Onun sözlərinə görə, Q.Stepanyan məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi kimi, 2005-2007-ci illərdə Hadrut qəsəbəsində müddətli həqiqi hərbi qulluqçu kimi xidmət edib, 2023-cü ildə isə döyüş postuna aparılıb.

Vəkil deyib ki, 2023-cü il sentyabrın 19-da o, mövqeyini tərk edərək Xankəndi şəhərinə qaçıb və yolda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə rastlaşaraq onlara təslim olub.

“Müdafiə tərəfi olaraq hesab edirəm ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilməlidir. Odur ki, məhkəmədən həmin maddəni əsas götürməklə təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş edirəm”, - deyə vəkil əlavə edib.

Q.Stepanyanın digər vəkili Rafiq Kərimov da hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini məhkəmədən xahiş edib.

Təqsirləndirilən Vasili Beqlaryanın müdafiəçisi Əzizağa Qafarov çıxışında qeyd edib ki, hüquqlarını qoruduğu şəxs qeyd edilən cinayət hadisələrinin törədilməsində təqsirli deyil. Vəkil söyləyib ki, V.Beqlaryan 2012-2013-cü illərdə Ağdərə ərazisində müddətli həqiqi hərbi qulluqçu - əsgər kimi xidmət keçib. Onun sözlərinə görə, V.Beqlaryan 2022-ci ildə Xankəndi şəhərində yerləşən hərbi birləşmədə müddətdən artıq hərbi qulluqçu, əsgər kimi 3 illik müqavilə imzalayıb və bir neçə dəfə Çərəkdar kəndi istiqamətində yerləşən döyüş mövqeyinə göndərilərək orada silahlı növbətçilik çəkib.

Müdafiəçi deyib ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi 3 il müddətinə müqavilə imzalayaraq Xankəndi şəhərində yerləşən hərbi birləşmədə xidmət etməsi faktının təqsir qismində Vasili Beqlaryana şamil edilməsi ədalətli və qanuni sayıla bilməz. Belə ki, həmin dövrdə onun xidmət keçməsi könüllü xarakter daşısa da, bu, onun iş tapa bilməməsi, müqavilə əsasında əməkhaqqı alması məqsədilə edilib. Müdafiəçi deyib ki, qeyd edilən dəlil təqsirləndirilən şəxsin ifadəsi ilə də sübuta yetirilir.

O qeyd edib ki, V.Beqlaryan tutulduğu vaxtdan, yəni 2023-cü il sentyabrın 26-dan indiyədək, elan olunmuş ittihamlarla bağlı özünü təqsirli bilməyib.

Müdafiəçi V.Beqlaryan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Arkadi Qukasyanın müdafiəçisi Pərvanə Qasımova çıxışında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs cinayətkar birliyin üzvü olmayıb. O, ittiham tərəfinin sübutlarını qəbul etmədiklərini söyləyərək, A.Qukasyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

A.Qukasyanın digər vəkili Nailə Tağıyeva da müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Seçilən
14
35
aznews.az

10Mənbələr