AZ

“Sülh körpüsü”ndə ümidli dialoq

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Qonşu xalqlar arasındakı mü­nasibətlər bəzən siyasi gündəmin sərt zərbələri altında formalaşsa da, əlaqələrin cəmiyyətlərin öz içindən yüksələn sakit, amma davamlı ira­də ilə istiqamət tapması hallarına da rast gəlinir. Münasibətlərdə isə yenilik önəmlidir. “Sülh körpüsün­dən keçən dialoq” anlayışı da məhz yeni mərhələnin simvolu kimi ortaya çıxır. İdeologiyaların yaratdığı di­varların arxasında iki xalqın bir-bi­rini dinləmək cəhdi həmin mərhələ­nin xarakterini müəyyənləşdirir. Yəni bu gün artıq aydın görünür ki, dialoq yaşadığımız regionun da daxili ehtiyacından doğan geosiyasi zərurətdir.

Son aylarda Bakıda və İrəvanda ger­çəkləşmiş iki görüş həm bu ehtiyacı, həm də tərəflərin real iradəsini konkret şəkil­lərdə göstərdi. İrəvandakı ilk görüş daha çox “laboratoriya mühitini” xatırladırdı. Tərəflər bir-birini tanıyır, mövqeləri ölçür və dialoqun hansı çərçivədə davam edə biləcəyini müəyyənləşdirirdi. Siyasi-anali­tik sual buradan doğur: Bəs görüşün funk­siyası nə idi – tərəflər bir-birinə niyə ehti­yatla yanaşırdı? Cavab sadədir: uzun illər informasiya blokadalarında formalaşmış iki cəmiyyət üçün dialoq təcrübəsinin özü belə qeyri-adi hadisə idi.

Bakı görüşü isə artıq başqa səviyyədir. Burada tanışlıq yox, konkretlik var. İlk mərhələdə səsləndirilən ideyalar Bakıda praktik müzakirəyə çevrildi: media ilə iş modeli, dezinformasiya ilə mübarizənin mexanizmləri, toponimlərlə bağlı vahid yanaşma, sərhəd regionlarına səfərlərin təşkili və ekspert komandasına yeni ixti­sasların əlavə edilməsi. Yəni dialoq artıq əməli xarakter alır.

Burada ortaya mühüm siyasi sual çıxır: Necə oldu ki, birinci görüşdə yaranmış inam hissi ikinci təmasa keçdi? Görünür ki, səmimilik, rəsmi şəxslərlə açıq ün­siyyət, media ilə təmas prosesi öz-özünə böyütdü. Artıq heç kim bu görüşləri kə­nar strukturların “layihəsi” saymır; onlar regionun daxili ehtiyacının məhsulu kimi qəbul olunur. Digər vacib məqam budur ki, tərəflər ilkin mərhələdən çıxıb daha geniş mövzulara keçdikcə, dialoqun həm çətin, həm də qaçılmaz olduğu qənaətlərini dol­ğunlaşdırırlar.

Ermənistanda təhlükəsizlik şurasının katibi Armen Qriqoryanla, Bakıda Azər­baycan Prezidentinin köməkçisi – Prezi­dentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacı­yev ilə görüşlər dialoqun yalnız QHT-lə­rin təşəbbüsü olmadığını göstərir. Siyasi baxımdan bu o deməkdir ki, tərəflər dia­loqu öz siyasi gündəmlərinin periferiyasın­dan çıxarıb qərarvermə mərkəzinə yaxın­laşdırırlar. Dövlət səviyyəsində açıq qəbul isə xoş niyyətin ən güclü göstəricisidir.

Burada ciddi analitik sual yaranır: Niyə tərəflər ən həssas mövzuları gündəmə çıxarmağa bu qədər tələsirlər? Çünki onlar anlayırlar ki, dialoq problemi ört-basdır et­məklə deyil, onu birbaşa öz adı ilə vurğu­layıb həllinə çalışmaqla legitimləşir. Sus­durulmuş mövzu nə qədər uzun yaşayırsa, siyasi risk bir o qədər böyüyür. Həqiqi niyyətin ən çətin imtahanı isə mediadır. Əvvəllər tərəflər ictimai rəyə çıxmaqdan ehtiyat edirdilərsə, indi onlar dialoqun mövzularını geniş ictimaiyyətə çatdırma­ğa ehtiyac duyurlar. Bu, son dərəcə vacib məqamdır.

Bəs cəmiyyətlərin “sakit dəstəyi” nə deməkdir? Bu nə dərəcədə real dəstəkdir? Bəlkə yorğunluğun nəticəsidir? Cavab iki­lidir: bəli, insanlar yorulub; amma məhz bu yorğunluq münaqişənin uzadılmasını deyil, yekunlaşdırılmasını tələb edən sosial enerji yaradır. Belə bir enerji siyasi addım­ları legitimləşdirən mühüm faktordur.

Regionda formalaşan yeni siyasi kon­fiqurasiya Cənubi Qafqazın uzun illər davam edən ziddiyyətlər məkanından qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq müstəvisinə keçidi üçün unikal imkan pəncərəsi açır. Tərəflərin dialoqdan real nəticəyönlü gündəliyə keçməsi həm regi­onal sabitliyin strateji əsasının möhkəm­lənməsi, həm də regionun enerji, logistika və təhlükəsizlik arxitekturasına dair yeni parametrlərin formalaşması deməkdir.

* * *

2024-cü ildən sonra müşahidə olunan yumşalma xətti ilk dəfə olaraq Bakı–İrə­van münasibətlərində normallaşmanın “konsepsiya mərhələsi”ndən çıxıb prak­tik transformasiyaya doğru irəlilədiyini göstərdi. Hərbi-siyasi eskalasiya riskləri­nin azalması regionun beynəlxalq aktor­lar üçün daha proqnozlaşdırılan məkana çevrilməsinə zəmin yaradır. Məhz bu kontekstdə iki görüşün ardıcıllığı Cənubi Qafqazda təhlükə əndişəsinin zəifləməsi anlamına gəlir. Siyasi risklərin azaldığı mühitdə regional oyunçuların maraqlarının toqquşma tempi səngiyir, qarşılıqlı asılılıq elementləri isə güclənir.

Yeni dinamikanın mühüm özəlliyi tərəflərin artıq sıfır-cəmlilik yanaşmasın­dan uzaqlaşaraq, daha rasionallaşdırılmış geosiyasi hesablamalara üstünlük vermələ­ridir. Azərbaycan üçün nəqliyyat-kommu­nikasiya xətlərinin açılması regiondaxili iq­tisadi cəlbediciliyi artırır, Ermənistan üçün isə blokadadan çıxış və iqtisadi müxtəlif­ləşmə strateji prioritetə çevrilir.

İkitərəfli maraqlar toqquşan deyil, ək­sinə bir-birini tamamlayan xarakter da­şıyır. İrəvanın regional şaxələndirməyə ehtiyacı ilə Bakının tranzit mərkəzi kimi yüksələn rolu arasında sinxronluq yaran­ması dialoqun davamlılığını təmin edən struktur baza formalaşdırır.

Yeni dinamika böyük güclərin Cənubi Qafqaza baxışında da səssiz korrektələrə səbəb olub. Qərb platformaları regionda münaqişə postfazasında dayanıqlılığın tə­minini prioritetləşdirərkən, Rusiya faktoru isə balanslaşdırılmış, eskalasiyadan uzaq bir xəttə üstünlük verir. Belə bir paralel transformasiya Azərbaycanın və Ermənis­tanın daha çox manevr imkanına malik ol­duğu çoxvektorlu mühit yaradır.

Ən mühüm məqam isə odur ki, geo­siyasi rəqabət tənzimlənən, “yüksək in­tensivlikli olmayan” dinamika formatında özünü göstərir. Bir digər pozitiv xətt enerji və nəqliyyat infrastrukturunun regionda geoiqtisadi inteqrasiyanın əsas təkanve­rici qüvvəsinə çevrilməsidir. Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin qovşağın­da duran Azərbaycan üçün Ermənistanla normallaşma bu layihələrin təhlükəsizlik parametrlərini daha da möhkəmləndirə bilər. Ermənistan isə öz növbəsində aparıcı xətlərə bağlanmaqla, həm tranzit gəlirləri, həm də iqtisadi dayanıqlılıq baxımından yeni mərhələyə keçər.

* * *

Əlbəttə ki, Cənubi Qafqazda mövcud pozitiv dinamika mühüm imkanlar açsa da, prosesdən geri çevrilmə riskini tam is­tisna etmək olmaz. Regionun son üç onillik siyasi tarixi göstərir ki, normallaşma təşəb­büsləri yalnız geosiyasi konfiqurasiyanın uyğunlaşdığı hallarda davamlı olur. Buna görə də hazırkı mərhələdə həm daxili siya­si faktorlar, həm də kənar güclərin rəqabət trayektoriyası prosesin dayanıqlılığına tə­sir edən kompleks risk çərçivəsi formalaş­dırır.

İrəvanda daxili siyasi mühitin yüksək volatilliyi normallaşmanın ən ciddi zəif həlqələrindən biri olaraq qalır. Revanşist müxalifətin antisülh ritorikasının güclən­məsi və hökumətə yönəlik təzyiqlər Er­mənistanın atdığı addımların institusional təminatını zəiflədir. Siyasi elitanın kon­sensus çatışmazlığı ölkənin xarici siyasət kursunun sabitliyinə maneə olur və Bakı ilə aparılan dialoq xəttinin uzunmüddətli perspektivini riskə atır. Mövcud fon Er­mənistan cəmiyyətində revanşist yanaş­maların hələ də tam neytrallaşmaması ilə tamamlanır və normallaşma prosesində sosial legitimlik boşluğu yaradır.

Cənubi Qafqaz daim geosiyasi rəqabət zonası olduğundan, böyük güclərin maraq dairəsindəki hər bir korrektə regional di­namikanı yenidən formatlaya bilər. Qərbin normallaşmanı dəstəkləyən siyasəti ilə Ru­siyanın təsir alətləri arasında balansın də­yişməsi də risklər yaradır. Onu da unutmaq olmaz ki, Moskvanın Ermənistan üzərində azalan təsirini kompensasiya etmək üçün situativ manevrləri, yaxud Qərbin bölgədə aktiv iştirakının artması Bakı–İrəvan pro­sesinə dolayı təsir göstərmək imkanında­dır.

Normallaşma dövründə informasiya məkanının həssaslığı da yüksək olaraq qa­lır. Sosial şəbəkələrdə məqsədyönlü mani­pulyasiya, dezinformasiya kampaniyaları və ictimai rəyi yönləndirməyə xidmət edən ritorika tərəflər arasında etimad mühitini kövrəldə bilər. Münaqişə sonrası humani­tar məsələlərin həllində ləngimə baş ver­məsi texniki problem olmaqdan çıxaraq, siyasi gərginlik yarada biləcək növbəti faktor kimi meydana çıxır.

Bütün bunlar onu göstərir ki, nor­mallaşmanın uğuru uzunmüddətli strateji planlamadan, ünsiyyət kanallarının sabit saxlanılmasından və regional aktorların qarşılıqlı asılılığı düzgün idarə etməsindən asılıdır. Məhz bu yanaşma Cənubi Qafqa­zın qarşıdurma məkanından sülh və əmək­daşlıq platformasına çevrilməsi üçün əsas şərtdir. Vurğuladığımız məqamlar fonun­da belə nəticəyə gəlmək olar ki, qarşıdakı dövrdə siyasi iradə qorunsa, risklər effektiv idarə olunsa və kommunikasiya kanalları institusional müstəviyə keçirilsə, Cənubi Qafqaz uzun illərdən sonra ilk dəfə real sülhə yaxınlaşmaq imkanı əldə edəcək.

Şəbnəm ZEYNALOVA,XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
xalqqazeti.az

2Mənbələr