AZ

Görkəmli bəstəkar Vasif Adıgözəlovun anadan olmasının 90 illiyi qeyd edilib

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti professor, Dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli, unudulmaz bəstəkar Vasif Adıgözəlovun 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a Bəstəkarlar İttifaqdan məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən İttifaqın sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə Qara Qarayev məktəbinin layiqli davamçısı Vasif Adıgözəlovun yaradıcılıöından söhbət açıb. Qeyd edib ki, Vasif Adıgözəlovun çoxşaxəli yaradıcılığı musiqinin müxtəlif janrlarını ehtiva edib. “Onun kantataları və oratoriyaları, eləcə də yüksək vətənpərvərlik ruhlu “Natəvan” operası həm ölkəmizdə, həm də ölkəmizdən kənarlarda da dinləyicilərin qəlbində daim dərin və səmimi hislər oyadır. Həmçinin Firəngiz xanım Heydər Əliyev Fondunun layihəsinə Vasif Adıgözəlovun əsərlərindən ibarət “Əbədi imzalar” toplusunun da daxil olduğunu qeyd edib. Fərəhlidir ki, unudulmaz bəstəkarın möhtəşəm əsərləri bu gün də ölkənin müxtəlif konsert səhnələrində geniş şəkildə səsləndirilir, pedaqoji təcrübədə istifadə olunur”,-deyə F.Əlizadə əlavə edib.

Tədbirdə musiqişünas-alimlərin Vasif Adıgözəlov yaradıcılığının müxtəlif tərəflərini əks etdirən məruzələri dinlənilib.

Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova “Vasif Adıgözəlovun simfonik əsərlərində milli musiqi ənənələrinin əksi”, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva “Vasif Adıgözəlov haqqında xatirələr”, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva “Vasif Adıgözəlov və Azərbaycan ədəbiyyatı”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı “Vasif Adıgözəlovun yaradıcılığında vətənpərvərlik mövzusu” barədə çıxış ediblər.

Bəstəkarın oğlu, Xalq artisti Yalçın Adıgözəlov vurğulayıb ki, musiqi sənətində var olduğu müddətdə, atasının əsərlərini layiqincə təbliğ edəcək.

Tədbir bədii hissə ilə davam edib.

Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi altında Dövlət Xor Kapellası çıxış edib. V.Adıgözəlovun “Çanaqqala – 1915” və “Qarabağ şikəstəsi” oratoriyalarından fraqmentlər ifa edilib. (solist – Günel Əsədova, konsertmeysterlər – Vəfa Əzizova, Elxan Niftiev).

Bəstəkarın Skripka konserti beynəlxalq müsabiqələr laureatları Lalə Muxtarova (violin) və Züleyxa Usubova (fortepiano), Fortepiano üçün 3 prelüdləri Əməkdar artist Elnarə Kəbirlinskayanın ifasında səslənib. Bəstəkarın yaradıcılıq inciləri sayılan “Qərənfil” romansı və “Lay-lay” mahnısı beynəlxalq müsabiqələr laureatı Rəvan Mustafazadə (tar) və Sevinç Kərimova (fortepiano) tərəfindən musiqisevərlərə təqdim olunub.

Tədbir Xalq artisti Yalçın Adıgözəlovun idarəsi və dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Dövlət Xor Kapellasının ifasında “Qarabağ şikəstəsi” oratoriyasından fraqmentin nümayiş olunduğu videogörüntü ilə yekunlaşıb.

 

 

Seçilən
90
azertag.az

1Mənbələr