Gömrük orqanları tərəfindən həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində son altı ay ərzində müxtəlif kateqoriyalı bəyan olunmamış mallar aşkar edilib. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi dəyəri 445 min 823 manat olan mallar gömrük orqanlarına təqdim olunaraq dürüstləşdirilib.
Bu barədə məlumat Dövlət Gömrük Komitəsi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təşkil olunmuş mediaturda verilib.
Belə ki, risk təhlili sisteminin tətbiqi nəticəsində 153 qram kokain narkotik vasitə aşkar edilərək qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və hüquq pozan şəxs məsuliyyətə cəlb olunub.
İdarədə Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli məlumat verib ki, gömrük nəzarəti tədbirləri çərçivəsində son 6 ay ərzində 34 inzibati xəta və 54 cinayət xarakterli fakt qeydə alınıb. Bu müddət ərzində əvvəlcədən bəyan edilməyən və qanunsuz olaraq ölkəyə gətirilməsi və ya ölkədən çıxarılması cəhd edilən aşağıdakı malların qarşısı alınıb:
- 261 min 412 ABŞ dolları;
- 21 min 728 avro;
- 100 min Rusiya rublu;
- 1 337 karat brilyant;
- 1 544 qram qızıl;
- 145 qutu güclü təsirli dərman vasitəsi;
- 1 520 ədəd qanunsuz dərman preparatı;
- 11 min 520 ədəd siqaret;
- 17 kiloqram balıq kürüsü;
- 1 835 ədəd istifadə olunmuş mobil telefon.