AZ

ECOWAS Qvineya-Bisauda hərbi çevrilişi qınayır  

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (ECOWAS) hazırkı sədri, Syerra-Leone Prezidenti Julius Maada Bio Qvineya-Bisauda hərbi çevrilişi qətiyyətlə pisləyib.

Noyabrın 28-də Bio Amerika  X kompaniyasının sosial media səhifəsində yazıb: "Bu gün mən ECOWAS Vasitəçilik və Təhlükəsizlik Şurasının virtual iclasına sədrlik etdim, burada dövlət və hökumət başçıları Qvineya-Bisaudakı siyasi böhranı müzakirə etdilər."

O bildirib ki, Prezident Umaru Sissoko Embalonun və seçki orqanlarının üzvlərinin qanunsuz saxlanılması ECOWAS Təsis Müqaviləsinin prinsiplərini pozur: "Cavabımız qəti, prinsipial və tariximizə uyğun olacaq."

Afrika Birliyi Komissiyasının sədri Mahamud Əli Yusuf da Qvineya-Bisauda hərbi çevrilişi və Prezident Embalonun və digər siyasi liderlərin həbsini pisləyib və bütün saxlanılanların dərhal azad edilməsini tələb edib.

Məlum olduğu kimi, noyabrın 27-də, təxminən 2,1 milyon əhalisi olan Qvineya-Bisauda özlərini "Asayişin bərpası üzrə ali hərbi komandanlıq" adlandıran bir qrup hərbçi dövlət televiziyasında hakimiyyəti ələ keçirdiklərini elan ediblər. Onlar müəyyən siyasətçilərin və bədnam narkobaronun ölkədəki sabitliyi pozmaq cəhdlərini səbəb gətiriblər.

"Ordu məni devirdi"

Bu arada, Prezident Oumarou Sissoko Embalonun mobil telefon vasitəsilə xarici mediaya verdiyi açıqlamalar diqqəti cəlb edib.

Afrika məsələləri üzrə ixtisaslaşmış Fransanın "Jeune Afrique" nəşri Embalo ilə telefon danışığı barədə məlumat paylaşıb. Bu zəng zamanı prezident ofisində həbsdə saxlanıldığı və vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Daha sonra Fransanın "France 24" televiziya kanalı Embalonun telefonla dediyi sözləri yayımlayıb. "Ordu məni çevrilişlə devirdi. Daha ətraflı məlumat verə bilmərəm, əks halda telefonumu əlimdən alacaqlar. Hazırda Baş Qərargahın binasındayam", - deyə dövlət başçısı bildirib.

Bir neçə xarici jurnalist sosial media hesablarında yazıblar ki, Embalo səhər söhbətində gecəni Baş Qərargah binasında keçirdiyini təsdiqləyib.

İki namizəd özünü qalib elan edib

Qvineya-Bisauda dövlət çevrilişinə noyabrın 23-də keçirilən prezident və parlament seçkiləri səbəb olub. Rəsmi nəticələr açıqlanmamışdan əvvəl, hazırkı Prezident Umaru Sissoko Embalo, seçki qərargahının hesablamasına görə, səslərin 65 faizini topladığını açıqlayıb.

Onun əsas rəqibi, müstəqil namizəd Fernando Diaş da Koşta da özünü qalib elan edib. 

Embalo əsas müxalifət lideri Dominquş Simoynş Pereyranın namizədliyinin qeydiyyatına mane olmaqda ittiham olunub.

Ölkənin ən böyük partiyalarından biri olan Qvineya və Kabo-Verdenin Müstəqilliyi uğrunda Afrika Partiyasının (PAIGC) lideri Pereyra seçki siyahısına düşə bilmədikdən sonra Diaş da Koştanı dəstəklədiyini açıqlayıb.

Hərbi qrup hakimiyyəti ələ keçirib

Qvineya-Bisauda prezident yanında hərbi komandanlığının rəhbəri Denis N'Kanya bir qrup zabitlə birlikdə verdiyi açıqlamada ölkədə hakimiyyətin tamamilə ələ keçirildiyini elan edib.

N'Kanyanın rəhbərlik etdiyi hərbi qrup Baş Qərargahda mətbuat konfransı keçirib.

Özünü "Asayişin bərpası üzrə ali hərbi komandanlıq" adlandıran qrup, əlavə əmrlər verilənə qədər bütün ölkəni nəzarətə götürdüyünü bildirib.

Bəyanatda davam edən seçki prosesinin dayandırılması və ölkə sərhədlərinin bağlanması barədə qərarların qəbul edildiyi qeyd olunub.

Hər 4 ildən bir çevriliş yaxud çevriliş cəhdi

2019-cu ildə Qvineya-Bisauda keçirilən prezident seçkilərində həm Embalo, həm də Pereyra qələbə elan ediblər və bu, bir neçə ay davam edən siyasi böhrana səbəb olub. Qərbi Afrikada yerləşən və 1974-cü ildə Portuqaliyadan müstəqillik qazanan Qvineya-Bisau indiyədək ən azı 12 çevriliş və ya çevriliş cəhdi yaşayıb.

Cənubdan Qvineya və şimaldan Seneqal ilə həmsərhəd olan Qvineya-Bisau dünyanın ən kasıb ölkələrindən biridir.

Atlantik okeanın sahilindəki bu kiçik ölkə Latın Amerikası narkotiklərinin Avropaya daşınmasında əsas rol oynayır.

Coğrafi mövqeyi və qanunlarda boşluqlarına görə Qvineya-Bisau narkotik qaçaqmalçıları üçün çox əlverişli bir yoldur və bu səbəbdən onu həm də "narkodövlət" adlandırırlar.

Cənubi Amerikadan birbaşa Qvineya-Bisauya və ya qonşu ölkələrə göndərilən narkotiklər burada paylanır və daha sonra ABŞ-yə və Avropaya göndərilir.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
32
azerbaijan-news.az

1Mənbələr