
Rusiyanın Saratov neft emalı zavodu yenidən Ukrayna dronlarının hücumuna məruz qalıb, partlayışlar və yanğın qeydə alınıb. Eyni zamanda işğal olunan Sakidə hava hücumundan müdafiə obyektlərinə zərbə endirilib və dron saxlama yerinə hücum olub.
Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram”da məlumat yayıb.
Bildirilir ki, Rusiyanın hərbi və iqtisadi potensialının azaldılması çərçivəsində, 28 noyabr gecəsi Saratov vilayətindəki neft emalı zavodu vurulub.
Bu müəssisə benzin, mazut, dizel yanacağı, sənaye kükürdü və digərləri də daxil olmaqla, 20-dən çox növ neft məhsulları istehsal edir.
Həmçinin Saki aerodromundakı (Novofedorovka, Krım Muxtar Respublikasının ərazisi) PUA saxlama məntəqəsinə də zərbə endirildiyi təsdiqlənib.
Baş Qərargah qeyd edib ki, ilkin məlumata görə, aerodromdakı bir neçə hava hücumundan müdafiə qurğusu, xüsusən də “Pantsir-S1” və “TOR-M2”-yə zərbə dəyib.
Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələri rusların komandanlıq məntəqəsinə və “KamAZ” hərbi yük maşınına da zərbə endirib.
Bundan əlavə, Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərində Rusiyanın canlı qüvvəsinin cəmləşdiyi ərazilərə və yanacaq-sürtkü anbarlarına da zərbələr dəyib.
V. QULİYEV