Pik saatlarda avtomobillərin hərəkətinin iflic olduğu "Şamaxinka" da tıxaca görə dəyişiklik edilir.
Xezerxeber.az-ın xəbərinə görə, belə ki, bu ərazidə 20 Yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçəsi arasındakı hissəsində iki yol sahəsi mövcud olduğuna baxmayaraq biri istifadə olunmadığından kəsişmənin tutumu və buraxıcılıq qabiliyyəti aşağı düşür. İstifadəsiz qalan yol sahəsində isə qanunsuz parklanma halları hərəkət iştirakçılarının nizamlı və fasiləsiz hərəkətinə ciddi maneə yaradır. Reallaşdırılan layihəyə əsasən, 20 Yanvar və Asif Məhərrəmov küçələrinin kəsişməsində nəqliyyat adacıqları təşkil ediləcək.
Beləliklə, 20 Yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçəsi arasındakı və ona paralel hissədə birtərəfli hərəkət təmin olunacaq. Bununla da həmin yol sahəsinin səmərəliliyi dəfələrlə artacaq, kəsişmənin buraxıcılıq qabiliyyəti yüksələcək. Dəyişikliklər nəticəsində 20 Yanvar küçəsinə paralel yerləşən küçədə qanunsuz parklanma halları aradan qaldırılacaq və 4-cü mikrorayondan Moskva prospekti istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri bu yola yönləndiriləcək.
Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, ərazidə sıxlığın qarşısını almaq məqsədilə daha bir dəyişiklik ediləcək.
Həmçinin qeyd olunub ki, sözügedən yol sahəsində dayanacaq məntəqələrinin yerinin optimallaşdırılması da həyata keçiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.