AZ

Əllərdə 95 milyon manatdan çox ödənməmiş kredit var - banklar çökə bilər...(?)


Natiq Cəfərli: “Vətəndaşlar gəlirləri az olduğu üçün daima istehlak kreditlərinə meylli olurlar”

Son aylarda ölkədə problemli kreditlərin həcmi nəzərəçarpacaq dərəcədə artıb. Bunu Mərkəzi Bankın yaydığı son rəqəmlərə əsaslanaraq demək mümkündür.

Rəqəmlərə nəzər salarkən görmək olur ki, bu il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 544,8 milyon manat təşkil edib. Bu, oktyabrın 1-i ilə müqayisədə 3,2 % çoxdur. Qeyd edək ki, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 21,3 %, son 1 ildə isə 13,55 % artıb.

Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət sentyabrın sonuna da 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il oktyabrın sonuna isə 1,7 % olub.

Qeyd edildiyi kimi, problemli kreditlərin həcmi artmaqda davam edir.

“Problemli kreditlərin həcminin hər ay artması təhlükəli tendensiyadır, qarşısı alınmasa…”

İqtisadçı ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, problemli kreditlərin həcminin hər ay artması təhlükəli tendensiyadır. Qarşısı alınmasa, artım davam edəcək: "Qeyd edim ki, ölkədə həm istehlak, həm də biznes kreditləri çox yüksək faizlidir. Bu da, təbii ki, həm vətəndaşlara, həm də biznesə əlavə yükdür. Böyük faizlər biznesin inkişafının qarşısını alır. Bundan da kiçik və orta sahibkarlıq əziyyət çəkir. Çətinliklərlə üz-üzə qalır, inkişaf edə bilmir. Faizin azaldılması üçün dövlət tərəfindən müvafiq tədbirlər görülə bilər. Bu mümkündür. Bu gün dünyanın bütün ölkələrində kredit resursları çox ucuzlaşıb. Dövlətlər özləri buna gedirlər ki, iqtisadiyyat canlansın, inkişaf etsin. Azərbaycanda da buna gedilməlidir. Başqa yol yoxdur. Əgər istehlak, biznes kreditləri ucuz olsa, iqtisadiyyat canlanar, inkişaf edər. Bu zaman insanların qazancı artar və nəticədə problemli kreditlərin həcmi də azalmağa başlayar. Yox, əgər müvafiq tədbirlər görülməsə, iqtisadi canlanma olmasa, kredit siyasəti indiki kimi davam etsə, vəziyyət ağırlaşacaq”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, vətəndaşlar gəlirləri az olduğu üçün istehlak kreditlərinə meylli olur: “Problemli kreditlərin həcmini artıran istehlak kreditləridir. Ölkədə istehlak kreditlərinin həcmi həddindən artıq çoxdur. Vətəndaşlar gəlirləri az olduğu üçün daima istehlak kreditlərinə meylli olurlar. Nağd pulu olmadığı üçün məcbur qalıb istehlak kreditləri götürürlər. Bütün bunlar da nəticə etibarı ilə problemli kreditlərin həcminin artmasına səbəb olur”.

Günel CƏLİLOVA

Seçilən
63
baki-xeber.com

1Mənbələr