Ukrayna müharibəsi Rusiyanın resurslarını ciddi şəkildə zəiflətsə də, imperiya təfəkkürünü və postsovet məkanını nəzarətdə saxlamaq istəyini azaltmayıb. Bu baxımdan, müharibə başa çatdıqdan sonra Kremlin Qafqaz istiqamətində təsir dairəsini yenidən genişləndirməyə çalışacağı şübhə doğurmur. Regionun enerji-logistika mərkəzi olan Azərbaycan isə bu prosesdə əsas hədəflərdən biri ola bilər. Şimalın məqsədi Bakının müstəqil siyasi kursunu zəiflətmək, daxili sabitliyə təsir etmək və ölkəni yenidən öz orbitinə yaxınlaşdırmaq cəhdi ola bilər.
Ramiz Mehdiyev və onun təsir dairəsi
Bu kontekstdə Azərbaycan daxilində müəyyən siyasi qruplardan, xüsusilə də uzun illər müxtəlif xarici dairələrlə əlaqələrdə adı hallanan şəxslərdən istifadə cəhdləri mümkündür. Bu fiqurlardan biri də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun təsir dairəsi hesab olunur.
Milli Məclisin deputatı Hikmət Babaoğlu deyir ki, Azərbaycanın milli təhlükəsizliyi baxımından bu mərhələdə əsas prioritet dövlətçiliyə zərər vuran və ölkəni yenidən xarici təsir altına qaytarmağa cəhd edən qüvvələrin qətiyyətlə zərərsizləşdirilməsidir.
Hikmət Babaoğlu: "Azərbaycan dünya siyasətinin gündəmini müəyyən edən ölkələrdən birinə çevirilməkdədir"
O, APA-ya açıqlamasında deyib ki, hazırda milli təhlükəsizliyin qorunmasının mühüm mərhələsinə qədəm qoymuşuq: "Azərbaycan dövlətçiliyinə və suverenliyinə qarşı addımlar atan şəxslərin iflası və ifşası mərhələsindəyik".
“Milyarderlər İttifaqı”-“Milli Şura"
Mehdiyevin uzun illər ərzində müxtəlif şəbəkələr qurması, habelə radikal mövqeləri ilə seçilən AXCP və “Milli Şura” üzərində təsir imkanlarını qoruması Kremlin informasiya və siyasi təsir strategiyası üçün əlverişli platforma yarada bilər.
Hələ 2013-cü ildə Azərbaycanda dövlət çevrilişinə cəhd planlarını xatırlamaq yerinə düşər. Həmin vaxt Rusiyada "Milyarderlər ittifaqı" quruldu, azərbaycanlı iş adamları bu ittifaqa cəlb edildi, onların Azərbaycanın siyasi müxalifəti ilə əlaqələri formalaşdırıldı. Bu prosesdən bir qədər əvvəl “Ziyalılar Forumu” yaradılsa da, az sonra orda toplaşan ziyalılardan bəziləri məsələnin mahiyyətini anladılar və uzaqlaşdılar.
Cəmil Həsənlinin formal, Əli Kərimlinin isə faktiki rəhbərlik etdiyi “Milli Şura” adlı rusiyapərəst birlik formalaşdı.
Prezident seçkilərindən sonra bu şuranın Rusiya prezidentinə məktubu da mediada yayıldı.
Bütün bu prosesdə Rüstəm İbrahimbəyov irəli verilib, “Milli Şura”nın vahid namizədi elan olunsa da, hamıya aydın idi ki, Şimalın namizədi Abbas Abbasov idi.
Bəzi məlumatlara görə, həmin vaxt məhz proses və maliyyə şimaldan idarə edildiyi üçün bəzi siyasətçilər “Milli Şura”ya qoşulmaqdan imtina etmişdilər.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Həsənoğlu mediaya müsahibəsində qeyd edib ki, 2019-cu ildə Əli Kərimli məhz Ramiz Mehdiyevin vəzifədən getməsini yubatmaq üçün onun tspşırığı ilə aksiya təşkil edib.
Ramiz Mehdiyev vəzifədən getdi, Əli Kərimli mitinq keçirmək həvəsi öldü