Bir çox bölgədə velosiped oğurluğu artıq avtomobil oğurluğunu belə geridə qoyaraq daha ciddi maliyyə itkilərinə səbəb olur.
Əmlak oğurluğu insan tarixinin ən qədim cinayətlərindən biridir və həmişə başqalarının əşyalarından qazanc əldə etməyə çalışan şəxslər mövcud olub. Lakin velosiped oğurluğunun ən çox yayıldığı ölkə barədə məlumat bir çoxlarını təəccübləndirir.
Ölkə.az xəbər verir ki, velosiped oğurluğu üzrə “liderlik” heç də inkişafdan geri qalmış regionlara deyil, Avropa Birliyi və NATO üzvü olan Almaniyaya məxsusdur.
Aparılan araşdırmalar ölkədə bu problemin nə qədər geniş yayıldığını və bununla mübarizə üçün hansı tədbirlərin görüldüyünü ortaya qoyub.
Almaniyada velosiped oğurluğunun miqyası
Rəqəmlər olduqca düşündürücüdür: ölkədə hər iki dəqiqədə bir velosiped oğurlanır. Oğurlanan nəqliyyat vasitələri isə çox vaxt qısa müddət sonra qonşu ölkələrin mağazalarında satışa çıxarılır.
Almaniya Sığorta Assosiasiyasının hesablamalarına əsasən, yalnız 2024-cü ildə velosiped oğurluğundan dəymiş zərərin 160 milyon avroya çatacağı gözlənilir. Bu məbləğə sığortalanmamış velosipedlər daxil deyil.
2025-ci il üçün aparılan tədqiqat isə daha ürəkağrıdıcı nəticə göstərib: ümumi zərər 340 milyon avroya, bir velosipedə düşən orta itki isə 1373 avroya bərabərdir.
Hətta qeyd olunur ki, Almaniyanın dörd federal əyalətində velosiped oğurluğundan yaranan itkilər avtomobil oğurluqlarından daha yüksəkdir. Bəzi yerlərdə fərq iki dəfəyə qədər yüksəlir.
Velosiped oğrularının profili
Mütəxəssislər bu cinayətləri törədənləri əsasən iki qrupa ayırır.
Birinci qrup adətən asılılıqlarını qarşılamaq üçün sürətli gəlir əldə etməyə çalışan şəxslərdir.
İkinci qrup isə daha təşkilatlı şəkildə fəaliyyət göstərən, qısa müddətdə 10–20 velosiped oğurlaya bilən peşəkar dəstələrdən ibarətdir.
Bahalı modellər oğurlandıqdan dərhal sonra ölkədən çıxarılır və xaricdə bazarlara çıxarılır. Velosipedlər Almaniya sərhədini keçdikdən sonra yerli polis hadisəyə müdaxilə imkanını demək olar ki, itirir.
Almaniyada velosipedi oğurlananlar nə etməlidir?
Mütəxəssislərin fikrincə, real vəziyyət o qədər də ümidverici deyil. Velosiped oğurluqlarının açılma faizi digər cinayət kateqoriyaları ilə müqayisədə xeyli aşağıdır: orta hesabla 10 hadisədən yalnız biri aydınlaşdırılır. Böyük şəhərlərdə isə bu göstərici cəmi 5 faizə qədər enir.
Bu səbəbdən, velosipedin tapılacağına çox bel bağlamaq məsləhət görülmür. Əgər nəqliyyat vasitəsi sığortalanıbsa, sahibinə zərərin bir hissəsi ödənilir və o, yeni velosiped almaq imkanı qazanır.
Leyla