Şri-Lanka, İndoneziya, Tailand və Malayziyada leysanlar kütləvi fəlakətə səbəb olub…
Poliqon xəbər verir ki, “Ditva” və “Seniyar” adlı tropik siklonların vurduğu Cənub və Cənub-Şərqi Asiya ölkələrində daşqın və sürüşmələr nəticəsində həyatını itirənlərin ümumi sayı 800 nəfəri ötüb. Ən ağır vəziyyətlə üzləşən Şri-Lankada bir həftə davam edən güclü yağışlar və torpaq sürüşmələri 212 nəfərin ölümünə səbəb olub, daha 218 nəfər isə hələ də itkin sayılır. Ölkədə bir neçə gün əvvəl daşqın sularının təzyiqi ilə bəndin dağılması fəlakətin miqyasını daha da artırıb.
Reuters Agentliyi yazır ki, Şri-Lankada təxminən 1 milyon insan daşqınlardan zərər görüb, 200 minə yaxın sakin isə xüsusi sığınacaqlara yerləşdirilib. Xilasetmə və humanitar yardım fəaliyyətləri davam etsə də, əlverişsiz hava şəraiti işləri çətinləşdirir.
Regionun digər ölkələrində də vəziyyət kritik olaraq qalır. ABC News-un məlumatına görə, Cənub-Şərqi Asiyanın bir çox bölgələrində rabitə və enerji təchizatı iflic olub. Daşqınlar elektrik xətlərini, transformatorları və körpüləri sıradan çıxarıb. İndoneziyada 3 minə yaxın evə ziyan dəyib, onlardan 827-si tamamilə dağılıb və ya sular altında qalıb. Ölkədə cəmi bir həftə ərzində 442 nəfər həlak olub və xilasetmə qrupları yeni meyitlər aşkar etdikcə bu rəqəmin artacağı gözlənilir. İndoneziyada 290,7 min nəfər məcburi köçkünə çevrilib, ümumi zərərçəkənlərin sayı isə 1,1 milyon nəfəri keçib.
Tailandda güclü yağışlar və daşqınlar nəticəsində 170 nəfər həyatını itirib, təxminən 3 milyon sakin müxtəlif səviyyəli ziyanla üzləşib. Malayziyada isə rəsmi məlumatlara görə, daha üç nəfər fəlakətin qurbanı olub.
Hidrometeorologiya mərkəzləri yaxın günlərdə bölgədə yağışların davam edəcəyini proqnozlaşdırır və əlavə təhlükə xəbərdarlığı edir. Humanitar təşkilatlar zərərçəkmiş bölgələrə təcili yardım çağırışı ediblər.
Poliqon.info