AZ

MİRAS qabaqcıl servis, inteqrasiya və texniki xidmətlə müasir çağırışlara hazırdı – REPORTAJ

Türkiyənin İstanbul şəhərində keçirilən IDEF-2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi bu il də dünyanın aparıcı hərbi-texnoloji şirkətlərini, dövlət qurumlarını və media nümayəndələrini bir araya gətirdi. Bu nəhəng tədbirdə Azərbaycan pavilyonu həm məzmun, həm dizayn, həm də peşəkar təqdimat baxımından diqqət mərkəzində idi. Pavilyonda Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi QSC, “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC və yerli özəl sektor nümayəndələrinin vahid komanda kimi çıxışı ölkəmizin müdafiə sənayesində formalaşan yeni mərhələnin aydın göstəricisinə çevrildi.

Bu reportajda “Poliqon” jurnalı IDEF-2025 çərçivəsində “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC haqqında ətraflı məlumatı təqdim edir. Şirkətin rəhbərliyi və mühəndis heyəti ilə söhbətlərdə MİRAS-ın yaranma zərurəti, fəaliyyət istiqamətləri, texnoloji yenilikləri, insan kapitalı və beynəlxalq əməkdaşlıqları barədə dolğun mənzərə formalaşdı.

MİRAS-ın yaranma məqsədi və missiyası

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC dövlət şirkətidir. MİRAS qrupunun tərkibində bir neçə ixtisaslaşmış müəssisə fəaliyyət göstərir və bu strukturun əsas məqsədi Azərbaycan Ordusunun texniki dayanıqlığını təmin etmək, ordunun maddi-texniki bazasını daim saz vəziyyətdə saxlamaq və döyüş hazırlığını yüksək səviyyədə qorumaqdır.

Hazırda MİRAS əsasən Azərbaycan Ordusunda icra olunan mövcud və yeni layihələrdə təmir, servis, modernizasiya və inteqrasiya işlərini həyata keçirir, görülən bütün işlərin keyfiyyətinə və düzgün icrasına nəzarəti təmin edir. Şirkətin fəaliyyəti Müdafiə Nazirliyinin strateji hədəf və inkişaf istiqamətlərinə uyğun şəkildə planlaşdırılır və icra olunur.

Hərbi təcrübə və mühəndis biliklərinin sintezi

0e586aacMİRAS-ın digər müəssisələrdən əsas fərqlərindən biri onun insan kapitalıdır. Şirkətin işçi heyətinin böyük hissəsini hərbçilər təşkil edir. Bu isə texniki məsələlərə yalnız mühəndis baxımından deyil, həm də real istifadəçi təcrübəsindən yanaşmaq imkanı yaradır.

Hərbi xidmətdə olan mütəxəssis çox yaxşı anlayır ki, texnikanın saz vəziyyətdə saxlanılması nə qədər vacibdir, nasazlıq yarandıqda isə bunun hansı çətinliklərə səbəb ola biləcəyini praktiki olaraq yaşayır. Məhz bu təcrübə MİRAS-da qərarların daha operativ, real şəraitə uyğun və funksional şəkildə qəbul edilməsinə imkan verir.

Sadəcə mühəndis olmaq bir məsələdirsə, həm də həmin texnikanın real istifadəçisi olmaq tam fərqli məsuliyyət tələb edir. MİRAS-ın üstünlüyü ondan ibarətdir ki, şirkətdə hər iki sahənin bilik və təcrübəsi birləşir. Orduda xidmət etmiş, texnikanı real şəraitdə tanıyan mütəxəssislərlə çiyin-çiyinə çalışan mühəndislər işin praktiki tərəfini dərindən bilirlər.

Bu sintez sayəsində ordudan gələn geribildirimlər – “çatışmayan məqamlar hansılardır, nələri daha yaxşı etsək, texnika daha effektiv olar?” kimi təkliflər – birbaşa MİRAS-ın texniki qərar prosesinə daxil olur. Bu, şirkətə texnologiyaları daim təkmilləşdirmək, xidmət keyfiyyətini artırmaq və sistemli modernizasiya aparmaq imkanı verir.

Sürətli inkişaf və yeni yanaşma dövrü

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə müşahidə olunan genişmiqyaslı inkişaf tendensiyaları müdafiə sənayesi sektoruna da ciddi təkan verib. Dövlət başçısının imzaladığı sərəncamlar və qəbul etdiyi qərarlar nəticəsində lisenziyalaşdırma prosesi təkmilləşdirilib, sektorda özəl şirkətlərin fəaliyyət dairəsi genişlənib, dövlət-özəl əməkdaşlığı üçün isə yeni hüquqi baza formalaşıb.

Bu dəyişikliklərin mühüm parçası kimi “MİRAS Hərbi-Sənaye Şirkəti” də Azərbaycanın müdafiə sənayesində yeni dövrün iştirakçısına çevrilib. “Poliqon”un müşahidələrinə əsasən, IDEF-2025 sərgisində Azərbaycan milli pavilyonu dövlət və özəl sektorun birlikdə çıxış etdiyi vahid təqdimat platforması rolunu oynayıb. Pavilyonda Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC, Müdafiə Nazirliyi və onun tabeliyində olan MİRAS şirkəti, eləcə də ölkədə fəaliyyət göstərən bir sıra özəl şirkətlər birgə iştirak ediblər.

d4826697Bu fakt, ölkəmizdə müdafiə sənayesinə vahid yanaşmanın formalaşdığını və dövlət qurumları ilə özəl sektorun koordinasiyalı şəkildə bir məqsədə xidmət etdiyini göstərir. MİRAS-ın da fəaliyyət fəlsəfəsi bu əməkdaşlıq modelinə tam uyğun gəlir – şirkət öz potensialını həm dövlət strukturları ilə inteqrasiya olunmuş şəkildə, həm də sənaye ekosisteminin mühüm elementi kimi inkişaf etdirir.

IDEF-2025 sərgisi çərçivəsində Azərbaycan milli pavilyonu beynəlxalq nümayəndələrin xüsusi maraq mərkəzinə çevrildi. Pavilyonu bir çox xarici dövlətlərin nazirləri, beynəlxalq şirkətlərin rəhbər və nümayəndə heyətləri, eləcə də Türkiyənin yüksək vəzifəli şəxsləri ziyarət etdilər. Qonaqlar Azərbaycanın istehsal etdiyi məhsullar, tətbiq etdiyi müasir texnoloji yeniliklər və təqdim etdiyi xidmətlərin keyfiyyət göstəriciləri ilə yaxından maraqlandılar.

Bu maraq təsadüfi deyildi. O, həm ölkəmizin artan sənaye və texnoloji imkanlarına, həm də xüsusilə Azərbaycanın müdafiə sənayesinə olan beynəlxalq etimadın və diqqətin real göstəricisinə çevrildi. Sərgidəki atmosfer bir daha sübut etdi ki, Azərbaycan artıq qlobal müdafiə sənayesi xəritəsində etibarlı və yüksələn oyunçu statusunu möhkəmləndirir.

Azərbaycan bu gün qalib Ordusu və qalib ölkə statusu ilə tanınır. Hər kəs bu uğurun necə qazanıldığını, bu sistemin hansı prinsiplər üzərində qurulduğunu öyrənmək istəyir. Bu, ölkəmizin doğru yolda olduğunu və artıq konkret nəticələr əldə etdiyini təsdiqləyir.

Hazırda müdafiə sənayesi sektoru böyük inkişaf mərhələsindədir. Dövlət tərəfindən bu sahəyə ciddi investisiyalar yönəldilir, gənclər arasında isə elmi-texniki sahələrə maraq və həvəs sürətlə artır. Son illərdə azərbaycanlı məktəblilərin beynəlxalq müsabiqə və olimpiadalarda əldə etdiyi uğurlar, mühəndislik yönümlü tədrisə artan diqqət bu inkişafın sosial əsaslarını möhkəmləndirir.

Eyni zamanda, “Baykar” kimi dünya miqyasında tanınan şirkətlərin Azərbaycanda nümayəndəlik açması da təsadüfi deyil. Bu, təkcə ölkəmizin satınalma imkanları ilə deyil, həm də burada mövcud olan insan potensialı, savadlı və perspektivli gənc nəsil ilə bağlıdır. Xarici şirkətlər Azərbaycana artıq qısamüddətli bazar kimi deyil, uzunmüddətli strateji tərəfdaşlıq mühiti kimi baxırlar.

MİRAS-ın hədəfləri də bu istiqamətə uyğun şəkildə formalaşdırılıb. Şirkət Müdafiə Nazirliyi sistemində mövcud təmir və servis imkanlarını inkişaf etdirmək, yeni alınan texnikalar və tətbiq olunan müasir sistemlər üçün müvafiq texniki infrastruktur yaratmaq məqsədini qarşısına qoyub. Əsas prioritet mövcud bilik, bacarıq, insan resursları və milli dəyərlərin qorunması, ardınca isə bu potensialın genişləndirilməsidir.

MİRAS üçün strateji hədəf – müasir çağırışlara cavab verən, qabaqcıl texnologiyalarla işləyə bilən servis, inteqrasiya, texniki qulluq və təmir imkanlarını formalaşdırmaqdır. Bu fəaliyyət istiqamətləri şirkətin inkişaf planlarının əsasını təşkil edir və MİRAS-ın dayanıqlı inkişaf konsepsiyasının təməlində dayanır.

Uzunmüddətli baxışda şirkətin məqsədi bu potensialı dəyərləndirərək yalnız ölkə daxilində deyil, həm də xarici bazarlarda fəaliyyətini genişləndirmək, daha geniş coğrafiyada Azərbaycan mühəndislik potensialını təmsil etməkdir. Bu, həm sektorun inkişafına, həm də yerli potensialın beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verəcək.

Beynəlxalq sərgilərdə fəal iştirak və tanınma

3337e562“MİRAS Hərbi-Sənaye Şirkəti” beynəlxalq sərgilərdə fəal şəkildə iştirak etməklə Azərbaycanın müdafiə sənayesini dünyaya təqdim edir. Hazırda iştirak etdiyi IDEF-2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi bu baxımdan xüsusilə əlamətdar hadisədir. Sərginin daha ilk günündə bir neçə mühüm müqavilə imzalanıb, eləcə də bəzi layihələr üzrə memorandumlar və niyyət məktubları bağlanıb. Bu fakt təkcə MİRAS-a deyil, bütövlükdə sektora olan yüksək maraq və tələbatın real göstəricisidir.

Belə beynəlxalq tədbirlərdə iştirak şirkətin həm tanınmasına, həm də beynəlxalq tərəfdaşlıqların genişlənməsinə mühüm töhfə verir. Bu, eyni zamanda Azərbaycanın uğurunun və texnoloji potensialının təbliği baxımından strateji əhəmiyyət daşıyır.

MİRAS-ın beynəlxalq arenada Azərbaycan adından çıxış etməsi, ölkəmizin müdafiə sənayesi sektorunda mövqeyinin möhkəmləndiyini və artıq qlobal sistemdə etibarlı tərəfdaş kimi qəbul olunduğunu nümayiş etdirir.

Şirkətin əsas hədəfi potensialını daha da inkişaf etdirmək, fəaliyyətini genişləndirmək və qalib, güclü Azərbaycan Ordusuna layiq müdafiə sənayesi sektoru formalaşdırmaqdır. Çünki unutmamalıyıq: sənaye nə qədər güclüdürsə, dövlət də bir o qədər güclüdür.

Müasir texnologiyalar və əsas fəaliyyət istiqamətləri

1MİRAS-ın fəaliyyət sahələri texniki xidmət, təmir, modernizasiya və sistem inteqrasiyası istiqamətlərini əhatə edir. Şirkət xüsusilə aviasiya vasitələrinin mühərrik və reduktorlarının əsaslı və orta təmiri üzrə ixtisaslaşıb. Bu sahə qlobal miqyasda yalnız müəyyən ölkələrdə mövcud olan mürəkkəb texnoloji proseslərdən biridir və həm xüsusi avadanlıq, həm də yüksək səviyyəli kadr potensialı tələb edir.

MİRAS bu tələblərə cavab verən texniki bazaya və peşəkar mühəndis heyətinə malikdir. Eyni zamanda, şirkət illərlə xidmət etmiş texnikaların modernizasiyası istiqamətində də mühüm layihələr həyata keçirir. Müasir standartlara cavab verməyən sistemlərin yenilənməsi, fərqli texniki komponentlərin bir-biri ilə inteqrasiyası və onların sinxron işləməsini təmin etmək üçün mühəndislik dizaynı və sınaq mərhələləri MİRAS-ın əsas iş prosesinə daxildir.

Hazırda MİRAS aviasiya, hava hücumundan müdafiə, rabitə və digər hərbi-texnoloji sahələrdə uğurlu fəaliyyət göstərir. Şirkətin əsas hədəfi yerliləşmə səviyyəsini artırmaq, xarici asılılığı minimuma endirmək və mümkün qədər bütün texniki xidmətləri öz resursları hesabına təmin etməkdir.

İnsan kapitalı – MİRAS-ın ən dəyərli sərvəti

“MİRAS Hərbi-Sənaye Şirkəti”nin fəaliyyət fəlsəfəsinin mərkəzində insan amili dayanır. Şirkətdə əsasən tərxis olunmuş hərbçilər çalışır. Bu, təkcə peşəkarlığın göstəricisi deyil, həm də milli məsuliyyətin və sosial dəyərlərin qorunmasının ifadəsidir.

Müdafiə Nazirliyinin və ölkə rəhbərliyinin diqqət mərkəzində olan prioritetlərdən biri insanların sosial təminatının gücləndirilməsi, onların bilik və bacarıqlarının qorunması, peşəkar kadr potensialının davamlı inkişafıdır. Bu istiqamətdə MİRAS da mühüm rol oynayır.

2Şirkətin güclü mühəndis heyəti və peşəkar komandası əsasən keçmiş hərbçilərdən ibarətdir. Onların ordu təcrübəsi, texniki intizamı və məsuliyyət hissi MİRAS-ın mühəndislik mədəniyyətinin əsas sütunlarını təşkil edir.

MİRAS-ın hədəflərindən biri Orduda xidmət etmiş peşəkar hərbçilərin tərxisdən sonra da öz bilik və təcrübələrini MİRAS-da davam etdirərək Azərbaycan Ordusuna xidmətlərini sürdürməsinə şərait yaratmaqdır. Bu yanaşma həm həmin mütəxəssislərin digər sahələrə yönəlməsinin qarşısını alır, həm də onlara müasir və sabit iş şəraiti təmin edir.

Beləliklə, bu model həm şirkətin dayanıqlı inkişafına, həm də hərbçilərin məşğulluğuna və sosial təminatına dəstək göstərərək sosial məsuliyyətin yerinə yetirilməsinə xidmət edir. MİRAS üçün bu yanaşma sadəcə idarəetmə strategiyası deyil, milli dəyərlərə əsaslanan sosial missiyadır.

Ehtiyat hissələrinin təminatı və texniki sabitlik

MİRAS ehtiyat hissələrinin təminatında iki istiqamətli sistem tətbiq edir. Azərbaycanda mövcud olan hissələr yerli mənbələrdən, spesifik və xüsusi texnika üçün tələb olunan hissələr isə beynəlxalq bazarda fəaliyyət göstərən etibarlı tərəfdaşlardan əldə olunur. Bu yanaşma həm ehtiyat hissələrinin vaxtında təmin olunmasına, həm də texniki proseslərin fasiləsiz davam etməsinə zəmanət verir.

Texnoloji yeniliklər və rəqabət üstünlüyü

21MİRAS-ın əsas rəqabət üstünlüyü onun praktiki təcrübəyə əsaslanan mühəndislik yanaşması və innovasiyalara açıq olmasıdır. Şirkətin mühəndisləri həm hərbi, həm də mülki heyətdən ibarət olmaqla, texniki qərarları çevik şəkildə qəbul edə bilir.

Orduda sürətlə yenilənən texnologiyalar MİRAS üçün daim yeni çağırışlar yaradır. Şirkət bu çağırışlara cavab verə biləcək dinamik tədris və təcrübə mexanizmləri qurub. İnsan kapitalı burada ən böyük resurs hesab olunur: praktiki təcrübəyə malik mütəxəssislərin bilikləri yeni nəsil mühəndislərə ötürülür, bu da davamlı inkişafı təmin edir.

Beynəlxalq əməkdaşlıq və yeni bazarlar

MİRAS beynəlxalq sərgilərdə fəal iştirakı ilə Azərbaycan müdafiə sənayesinin tanınmasına mühüm töhfə verir. IDEF-2025 sərgisi bunun ən bariz nümunəsidir. Sərginin ilk günündə MİRAS bir neçə müqavilə, memorandum və niyyət məktubu imzalayıb. Bu, sektora olan marağın və şirkətin beynəlxalq səviyyədə qazandığı etimadın göstəricisidir.

MİRAS Türkiyə və digər dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri qurub. Dövlətin siyasəti hansı istiqamətdədirsə, şirkətin fəaliyyəti də həmin istiqamətdə genişlənir. Bu əməkdaşlıqlar ikitərəfli xarakter daşıyır: müəyyən məsələlərdə MİRAS türk tərəfdaşlarına dəstək verir, bəzi hallarda isə onlardan texniki və təcrübəvi dəstək alır.

Uzunmüddətli perspektivdə MİRAS öz fəaliyyətini yalnız ölkə daxilində deyil, Orta Asiya, Afrika və qonşu region ölkələri bazarlarında da genişləndirməyi planlaşdırır. Əsas məqsəd yerliləşdirmə səviyyəsini artırmaq, mühəndislik və servis işlərində milli müstəqilliyi təmin etməkdir.

Azərbaycan Ordusu ilə birgə inkişaf

13MİRAS Azərbaycan Ordusundakı layihələrdə birbaşa və dolayısı ilə iştirak edir. Şirkət ayrı-ayrı layihələri sadalamasa da, bütün əsas texniki proseslərdə və yeniliklərdə tərəfdaş kimi çıxış edir. Bu, şirkətə həm yeni təcrübə qazanmaq, həm də texnoloji potensialını artırmaq imkanı yaradır.

MİRAS-ın hədəfi Müdafiə Nazirliyi sistemində mövcud təmir və servis imkanlarını daha da inkişaf etdirmək, yeni texnikalara və müasir sistemlərə cavab verəcək infrastruktur formalaşdırmaqdır. Bu məqsədlə şirkət bilik, bacarıq və resurslarını qorumaqla yanaşı, onları gələcək nəsillərə ötürməyi də strateji prioritet hesab edir.

Güclü sənaye – güclü dövlət

IDEF-2025 sərgisində Azərbaycan şirkətlərinin bir pavilyonda birgə təmsil olunması milli müdafiə sənayesində yeni mərhələnin başlanğıcını təsdiqlədi. Bu həm dövlət strukturlarının, həm də özəl sektorun vahid məqsəd uğrunda birləşməsinin real nümunəsidir.

Sərgidə “Poliqon”un müşahidələrinə görə, Azərbaycanın pavilyonu Türkiyə, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinin nümayəndələri tərəfindən böyük maraqla izlənilirdi. Xarici qonaqların diqqəti həm Azərbaycan Ordusunun texnoloji səviyyəsinə, həm də MİRAS kimi şirkətlərin təqdim etdiyi xidmət keyfiyyətinə yönəlmişdi.

“MİRAS Hərbi-Sənaye Şirkəti” MMC-nin iştirakı bu sahədə formalaşan yeni düşüncə tərzinin göstəricisidir. Gənc və peşəkar kadr potensialına arxalanan şirkət, dövlət və özəl sektor əməkdaşlığının gücləndirilməsini əsas prioritetlərdən biri kimi görür. MİRAS üçün “Güclü Ordu – güclü Dövlət” prinsipi sadəcə şüar deyil, fəaliyyətin əsas fəlsəfəsidir. Şirkət anlayır ki, milli təhlükəsizlik və sülhün təminatı, texnoloji müstəqillik və sənaye inkişafı ilə sıx bağlıdır.

Bu baxımdan MİRAS təkcə texniki xidmət göstərən qurum deyil, həm də Azərbaycanın müdafiə sənayesində milli bilik, təcrübə və etimad məktəbi formalaşdıran mühüm bir platformadır.

Bu gün “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC ölkənin texnoloji müstəqilliyinə, sənaye inkişafına və qalib Ordunun davamlı gücünə xidmət edən milli texnoloji dayaqlardan biri kimi fəaliyyətini uğurla davam etdirir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

20

17

16

14

7

12

4

Reportaj “Poliqon” hərbi-kosmik texnoloji jurnalının son sayında yayımlanıb

Seçilən
33
1
poliqon.az

2Mənbələr