AZ

Qarğalar insan üzlərini tanıyır və illərlə kin saxlayır: Bioloq detalları açıqladı

Qarğalar planetdəki ən ağıllı məxluqlardan biridir. Onların idrak qabiliyyətlərini şimpanzelərin və ya hətta kiçik bir uşağın bacarıqları ilə müqayisə etmək olar.

HİT.az xəbər verir ki, "Forbes" nəşri üçün məqaləsində bioloq Skott Treversin yazdığına görə, qarğalar alətlərdən istifadə edə, çoxmərhəli tapmacaları həll edə və qabdan suyun sıxışdırılmasının fiziki qanununu başa düşə bilirlər. Alimlər hətta dəfn adlandırıla biləcək davranışı belə müşahidə etmişlər. Lakin onların ən təəccüblü bacarıqlarından biri fərdi insan üzlərini tanımaq və illər boyu həm bu insanları, həm də bu insanların onlara necə yanaşdığını xatırlamaq qabiliyyətidir.

Vaşinqton Universitetindən bioloq Con Marzlaff və onun komandasının Animal Behavior jurnalında dərc olunan məşhur tədqiqatı bunu sübut etdi. Xatırladaq ki, tədqiqatçılar halqalama üçün qarğa tutmaqda mağara adamı maskasından istifadə etmişdilər. Və qarğalar bu maskanı təhlükəli kimi yadda saxladılar və illər boyu belə maskalı insanlara hücum edərək bu biliki nəsildən-nəsilə ötürdülər.

Lakin Treversin qeyd etdiyi kimi, təəccüblü olan təkcə qarğaların fərdi insan üzlərini yadda saxlaması deyil. Onların beyninin belə davranışa necə uyğunlaşmasıdır.

"Quş beyni məməlilərin beynindən xeyli kiçik olsa da, sıx şəkildə neyronlarla doludur. Xüsusən də, qarğa ailəsinə (qarğalar, quzğunlar, zığ-zığlar və sağsağanlar) mənsub olanların ön beynində son dərəcə yüksək sayda neyron var", deyə o, yazıb.

2016-cı ildə "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunan bir tədqiqatda neyroanatomiya tədqiqatçıları qarğaların primatlarınkına bənzər nidopallium kaudolateraleyə (nidopallium caudolaterale) malik olduğunu sübuta yetirə bildilər. Xüsusilə, bu, məməlilərin prefrontal qabığına funksional baxımdan oxşar olan beyin sahəsidir ki, biz ondan qərarlar qəbul etmək, planlaşdırma və sosial yaddaş üçün istifadə edirik. Ən əlamətdar olanı isə odur ki, qarğaların neyron sıxlığı oxşar ölçülü bütün onurğalılar arasında ən yüksəklərindən biridir.

Üz tanıma tapşırıqları zamanı qarğalarda vizual məlumatın emalından cavabdeh olan beyin sahələri ilə yanaşı, həm də emosiyalar və təhlükənin qiymətləndirilməsi ilə əlaqəli beyin hissələrinin eyni vaxtda aktivləşdiyi qeydə alınıb. Marzlaffın tədqiqatlarında PET skanları onların amiqdalaya ekvivalenti olan hissənin təhlükəli maskaları gördükdə güclü şəkildə aktivləşdiyini göstərdi.

"Bu, onu göstərir ki, qarğalar üçün insan üzünü tanımaq eyni zamanda vizual yaddaş və emosional vəzifədir", deyə Trevers izah edib.

Məlum olduğu kimi, qarğalar çox sosial və uzun ömürlü quşlardır. Onların çoxu ömürlük cütlük əmələ gətirir. Bu o deməkdir ki, onların yaşaması böyük ölçüdə əməkdaşlıq etmək, ünsiyyət qurmaq və kimə etibar etmək olar-kimə olmaz bacarığından asılıdır. Təkamül baxımından, şəxsiyyətlərin, dostların və ya düşmənlərin nüfuzunu izləmək bacarığı böyük təkamül üstünlükləri verir.

Müəllif fərziyyə irəli sürüb ki, bu, qarğalara təhlükələrdən və yırtıcılardan qaçınmaq, hansı fərdin yeməyi bölüşə biləcəyini başa düşməklə sosial qruplarda naviqasiya qurmaq və həmçinin birlikdə balalar böyütmək kömək edir. O, qeyd edib ki, qarğaların bir çox növü birlikdə balalar böyüdür. Üstəlik, bunda qohum olan fərdlər (məsələn, qardaşlar və bacılar) kömək edir. Buna görə də fərdi tanınma son dərəcə vacibdir.

Trevers yazır ki, Vaşinqton Universitetinin tədqiqatından sonra aydın olur ki, qarğaların davranışının emosional tərkib hissəsi illərcə davam edir. Eyni zamanda, qarğalar müsbət və neytral qarşılıqlı əlaqələri xatırlayır. Məhz buna görə də onlar özlərini yemləyən insanlara "hədiyyələr" - parlaq əşyalar, şüşə qapaqları və s. gətirə bilirlər. Həmçinin, etibar etdikləri insanları digər heyvanlardan qoruya, qrupunun zədələnmiş üzvləri ətrafında toplana və ya bir-birlərini təhlükələr barədə xəbərdar edə bilirlər.

Alimlər üçün qarğaların intellekti haqqında yeni tədqiqatlar mürəkkəb idrakın necə inkişaf etdiyi barədə mövcud fərziyyələri şübhə altına qoydu. Ənənəvi olaraq, böyük beyinli məməlilər (məsələn, primatlar, delfinlər, fillər) heyvanlar arasında "ən ağıllılar" hesab olunurdu. Lakin qarğaların intellekti tamamilə fərqli bir nevroloji yolla təkamül etmişdir.

Buna görə də qarğaların intellektinin öyrənilməsi alimlərə yaddaş sistemlərinin necə inkişaf etdiyini, sosial davranışın idraka necə təsir etdiyini, müxtəlif beyin arxitekturalarının necə oxşar intellekt yarada biləcəyini, həmçinin heyvanların niyyətləri necə müəyyən etdiyini və uzunmüddətli assosiasiyaları necə formalaşdırdığını başa düşməyə kömək edə bilər.

Samir

Seçilən
73
50
hit.az

10Mənbələr