Yeni tədqiqat erkən yaşda smartfona sahib olmağın depressiya, yuxu pozuntuları və artıq çəki riskini yüksəltdiyini göstərir...
Poliqon xəbər verir ki, Pediatrics jurnalında dərc olunan genişmiqyaslı ABŞ tədqiqatının nəticələri uşaqların smartfondan erkən istifadəsinin həm fiziki, həm də psixoloji sağlamlıq üçün mənfi təsirlər yarada biləcəyini ortaya qoyub.
ABŞ-da uşaqların beyin inkişafının uzunmüddətli müşahidəsini əhatə edən və 10 500-dən çox uşağın məlumatlarını birləşdirən araşdırmaya görə, 12 yaşdan əvvəl smartfon əldə edən uşaqlar arasında depressiya riskinin artdığı, artıq çəkiyə meylin gücləndiyi və yuxu rejiminin daha çox pozulduğu müəyyən edilib. Tədqiqatçılar qeyd edir ki, cihazdan istifadə müddətinin artması, sosial şəbəkələrdə sərf olunan vaxt və ekran işığının bioloji ritmlərə təsiri bu neqativ nəticələrin mümkün əsas amilləri arasındadır.
Mütəxəssislər həmçinin smartfonu 12 yaşından gec əldə edən uşaqları ayrıca izləyib. Onların nəticələri göstərib ki, bir il ərzində ilk dəfə smartfona sahib olan uşaqlarda psixi sağlamlıqla bağlı problemlər — xüsusilə narahatlıq və emosional gərginlik — daha qabarıq üzə çıxıb. Bu qrupda yuxu keyfiyyətinin də pisləşdiyi müəyyən edilib.
Araşdırmanın müəllifləri valideynlərə xəbərdarlıq edərək bildirir ki, smartfonun erkən istifadəsi uşağın sosial davranışlarına, emosional sabitliyinə və gündəlik rejiminə ciddi təsir göstərə bilər. Onlar tövsiyə edir ki, uşaqlara smartfon verilməsi mümkün qədər gecikdirilsin, istifadə müddəti məhdudlaşdırılsın və xüsusilə gecə saatlarında ekran vaxtına ciddi nəzarət olunsun.
Poliqon.info