AZ

Xəyanətkar şəbəkənin cinayətkar əməlləri cəzasız qalmayacaq

Yaxud sular durulduqca çox şeylər üzə çıxacaq, çox mətləblərin üstünə gün işığı düşəcək

Təxminən 30 ilə yaxın müddətdə anti-Azərbaycan qüvvələrlə işbirliyinə girərək düşmən dəyirmanına su tökən dağıdıcı müxalifət başbilənləri-AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, bu qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli  və onların ətrafındakılar həm İkinci Qarabağ müharibəsi, həm də postmüharibə dövründə ölkəmizə qarşı düşmənçilik mövqeyi nümayiş etdirən qüvvələrlə eyni cəbhədə yer alıblar. 

İnkarçı, dağıdıcı, pozucu, xəyanətkar zümrənin Azərbaycanın qələbəsi ilə başa çatan qırx dörd günlük müharibədən sonra milli maraqlarımıza xidmət edən mövqeyinə, bir çıxışına və bəyanatına heç rast gəlməyib. Antimilli ünsürlər tarixi Zəfərimizə kölgə salmaq, milli birliyimizə xələl gətirmək, cəmiyyəti çaşdırmaq, insanlar arasında etimadsızlıq, ümidsizlik, ruh düşkünlüyü yaratmaq üçün dəridən-qabıqdan çıxaraq xəyanətkar fəaliyyətlərinin miqyasını gündən-günə genişləndirirlər.

Bu günlərdə Ramiz Mehdiyevin dövlət hakimiyyətinin zorakı yolla ələ keçirilməsinə yönələn əməlləri ilə bağlı cinayət işi gedişində müxtəlif şəxslər, o cümlədən Əli Kərimli istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə müxtəlif şəxslərin dindirildiyi bəllidir. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP sədri Əli Kərimliyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Səbail rayon məhkəməsinin qərarı ilə Əli Kərimli barəsində 2 ay 13 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Türkiyədə saxlanılan “Milli Şura” Koordinasiya Mərkəzinin üzvü üzvü, sabiq deputat Gültəkin Hacıbəyli bu gün səhər saatlarında Azərbaycana deport edilib. Gültəkin Hacıbəyli DTX-nın İstintaq Baş İdarəsində istintaq olunan “Ramiz Mehdiyev işi” çərçivəsində dindirilməsi üçün bu quruma aparılıb. Həmçinin “Milli Şura”nın sədri Cəmil Həsənli Ramiz Mehdiyevin cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində şahid qismində dindirilib.

Yeri gəlmişkən, “Ramiz Mehdiyev işi”ndə Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli olub. Sorğulanmalardan məlum olur ki, ssenarisi Rusiyada yazılmış əsas şübhəli sövdələşmələr məhz 2012-2013-cü illərdə başlayıb. Ramiz Mehdiyevin yaxın dostu, Azərbaycana qarşı fəaliyyəti dəfələrlə ifşa olunsa belə, müdafiə etdiyi Abbas Abbasov 2012-ci ildə Rusiyada hamının “Milyarderlər İttifaqı” kimi tanıdığı “Rusiya Azərbaycan Təşkilatları İttifaqı”nı yaradır. İBRUS şirkətinin sahibi Rüstəm İbrahimbəyov isə (İB - İbrahimbəyov, RUS-Rustam) Abbas Abbasovla birgə “Milyarderlər İttifaqı”nın Koordinasiya Şurasının üzvü olur. Bundan dərhal sonra Rüstəm İbrahimbəyov missiyası üzrə Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəylini başına yığıb “Milyarderlər İttifaqı”nın kapitalı ətrafında “Milli Şura” yaradır.

Əli Kərimli isə tənəzzül etmiş AXCP-ni (həyatının növbəti ciddi səhvini edərək) Rusiyada yaşayan Rüstəm İbrahimbəyovun yaratdığı “Milli Şura”nın alətinə çevirir. Hamıya məlum olan bu hadisələrin daha dərin dəlilləri isə şokedici telefon danışıqları üzə çıxdıqdan sonra araşdırılan Ramiz Mehdiyevin evindən çıxıb.Məsələnin bir maraqlı tərəfi də odur ki, qeyd olunan kapital sonrakı illərdə də AXCP adından Əli Kərimlinin öz evinə axıb, bir qismi iğtişaşlara cəlb olunan şəxslərə təklif olunub və sair.

Müşahidələr göstərir ki, Əli Kərimlinin fasiləsiz mitinqləri məhz Ramiz Mehdiyevin vəzifədən getməsi ilə eyni vaxtda tarixə təsadüf edib. Maraqlıdır ki, daha əvvəl mətbuatda yayılan məlumata əsasən, DTX-nın AXCP sədri Əli Kərimlinin evində apardığı axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb. Araşdırmalar zamanı o fakt da tam təsdiqini tapıb ki, Əli Kərimlidən geri qalmaq istəməyən Gültəkin Hacıbəyli də öz “haqqı”nı əldə etməyi bacarıb. Məsələn, Bakıda və Goranboyda daşınmaz əmlaklar formasında. Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin sahibi olduğu, sonuncunun qardaşı oğlu Orxan Fikrət oğlu Əliyevin isə qanuni təmsilçisi olduğu “NLT” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 251A nömrəli 15 mərtəbəli binada Gültəkin Hacıbəyliyə gizli şəkildə 2 müasir mənzil hədiyyə edilib (təmir olunmuş vəziyyətdə). Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır. Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib. Həmin binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə xüsusi “xidmətlərinə” görə, “boz kardinal” tərəfindən bağışlanan digər mənzil isə Gültəkin Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan, 4 otaqlı mənzildə isə G.Hacıbəyli özü tək yaşayır.

Qırx dörd günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə ilə tarix yazan Azərbaycan bu gün özünün ən güclü, şərəfli dövrünü yaşayır. Şübhəsiz, bütün bunlar bədxahlarımızı ciddi narahat edərək onların yuxusuna haram qatır. Bütün güclərini səfərbər edərək beynəlxalq arenada Azərbaycana qarşı “qara piar” kampaniyası aparan bu məkrli qüvvələr dünən olduğu kimi, bu gün də Ə.Kərimli və C.Həsənli cütlüyündən, onların tör-tökünlərindən məharətlə istifadə edirlər. Ancaq onlar unudurlar ki, cəmiyyətimiz ölkəmizin düşmənlərinin əsas zərbə qüvvələrinin, xarici kəşfiyyat orqanlarının təsir agentlərinin xəyanətkar əməllərindən, məkrli niyyətlərindən çoxdan xəbərdardır. Heç kim unutmamalıdır ki, xəyənətkarlar öz layiqli cəzalarını alacaqlar. Sular durulduqca çox şeylər üzə çıxacaq, çox mətləblərin üstünə gün işığı düşəcək.

Zahid Rza, “İki sahil”

Seçilən
26
ikisahil.az

1Mənbələr