AZ

İctimai nəqliyyatda sərnişin məmnuniyyətini artırmaq üçün prioritetlər nələrdir?

Bakı, 2 dekabr, AZƏRTAC

İctimai nəqliyyatda sərnişin məmnuniyyətini artırmaq üçün ilk növbədə marşrutların, taksi sifarişlərinin düzgün və səmərəli tənzimlənməsi əsas şərtlərdəndir. İntervalların azaldılması və müxtəlif ərazilər arasında əlçatanlığın artırılması həm gündəlik rahatlığı, həm də ümumi nəqliyyat sisteminin effektivliyini yüksəldir. Bu addımlar sərnişinlərin gözləmə müddətini azaldır, sıxlıq problemini qismən aradan qaldırır və xidmət keyfiyyətinə birbaşa təsir edir.

Bu barədə AZƏRTAC-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Ekspert bildirib ki, digər mühüm amillərdən biri isə qiymət siyasətinin əlçatan olmasıdır.

“Nəqliyyatda qiymət artımı adətən cəmiyyət tərəfindən müsbət qarşılanmır. Nəqliyyat xidmətlərinin qiymətlərinin endirilməsi vətəndaşlar tərəfindən məmnuniyyəti artırır. Xüsusilə gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün bu, həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətli rahatlıq yaradır. Bununla yanaşı, qiymətlərin tənzimlənməsi prosesində rentabelliyin artırılması da nəzərə alınmalıdır. Nəticə etibarilə, həm marşrutların səmərəli tənzimlənməsi, həm də sərfəli qiymət siyasəti sərnişin məmnuniyyətinin artırılmasında həlledici rol oynayır və ictimai nəqliyyatın ümumi inkişafına xidmət edir”, - deyə ekspert qeyd edib.

Seçilən
68
azertag.az

1Mənbələr