AZ

DTX “Xəyanət İttifaqı”nda iştirak edənlərin hamısını bir-bir üzə çıxaracaq - Sahib Alıyev

"Dekabrın 1-də ATƏT-in Minsk prosesi və onunla əlaqəli strukturların bağlanması barədə açıqlamasının Ermənistan ordusunun tör-töküntülərinin Laçını tərk etmələrinin beşinci ildönümünə təsadüf etməsində heç şübhəsiz rəmzilik var. Rəmzilik ilk növbədə ondadır ki, Minsk qrupunun həmsədrlərinin qəti istəməmələrinə rəğmən vaxtında Ermənistan hərbçilərinin Laçından getmələri tələbi qoyulmasaydı, Minsk qrupu heç hara buxarlanmamışdı. Əlbəttə, bu prosesin belə bitməsində son 5 ildə sərt və yumşaq xarakterli, hər iki halda qətiyyətli olduğu qədər də zərgər dəqiqliyi ilə atılan addımlar mühüm rol oynadı".

Ölkə.az xəbər verir ki, bunu deputat Sahib Alıyev Milli Məclisdə 2026-cı il büdcə zərfinin ikinci oxunuşunun müzakirəsi zamanı çıxışında deyib.

O əlavə edib ki, sərt xarakterli addımlar deyərkən 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatı başda olmaqla bir neçə lokal döyüşü nəzərdə tutur: "İkinci qəbildən olan addımlar isə Azərbaycan dövlətinin diplomatiya tarixinə qızıl hərflərlə yazılacaq. Əgər bu müddətdə qardaş Türkiyə ilə müttəfiqlik anlaşması imzalanmasaydı, Fransanın BMT Təhlükəsizlik Şurasında və bəzi beynəlxalq tədbirlərdə əleyhimizə hazırladığı qətnamələrin təsdiqlənməsinin qarşısını ala bilməsəydik, Paşinyana "Qarabağ Azərbaycandır" dedirtməsəydik, Bayden–Blinken cütlüyünün təzyiqlərinə tab gətirməyib geri çəkilsəydik, Çinlə hərtərəfli strateji tərəfdaşlıq əlaqəsi qurmasaydıq, Ermənistanla sülh müqaviləsinin paraflanmasının cənab İlham Əliyevin təbirincə desək, “dünyanın bir nömrəli ofisi” olan Ağ Evdə, ABŞ Prezidentinin şahidliyi ilə baş verməsini təmin etməsəydik, bəzi dövlətlər, xüsusilə də Minsk qrupunun iki həmsədri onun buraxılması ilə razılaşacaqdımı? Sual ritorikdir.

Bütün bunları büdcə müzakirələri zamanı xatırlatmağımın başqa bir səbəbi də var. Söhbət Taleyrandan daha xəyanətkar, ancaq onun qədər uzaqgörən olmayan birinin yaratdığı yığnağın reallaşacağı təqdirdə bu uğurlarımızın üstündən xətt çəkəcək məkrindən gedir. Mən əminəm ki, Dövlət Təhlükəsizlik Xidməti “Xəyanət İttifaqı” adlandıra biləcəyimiz bu yığınaqda iştirak edənlərin hamısını bir-bir üzə çıxaracaq və onlar qanun qarşısında cavab verəcəklər. İndi burada üzümü xalqımıza tutub soruşmaq istərdim: bu “Xəyanət İttifaqı”ndakılar, onların bir vaxtlar örtülü və açıq şəkildə dəstəklədikləri digər bir yığınaqdakılar — yəni “Milyarderlər İttifaqı”nın üzvləri — 44 günlük savaşı qırağa qoyuram, İlham Heydər oğlu Əliyevin savaşdan sonra atdığı addımlardan birinə belə cəsarət edə bilərdilərmi? Hələ demirəm ki, onlarda bu bacarıq varmı? Yəqin razısınız ki, sual yenə ritorikdir.

Bir kəlmə də Taleyran gedişi etmək istəyən birinə — yəni “Xəyanət İttifaqı” quran şəxsə — bunun uzaqgörənlik sayıla bilməyəcəyini demək istəyirəm. Taleyran xəyanətə zaman prizmasından yanaşaraq ibliscəsinə deyirdi ki, xəyanət vaxtında ediləndə uzaqgörənlik olur. Xəyanətə meyllilikdə Taleyrandan betəri və “Xəyanət İttifaqı”na cəlb etdiyi ünsürlərdə uzaqgörənlik olsaydı, üz tutduqları, maraqları uğrunda çıxış etmək öhdəliyi götürdükləri mərkəz onların planı barədə özü məlumat verməzdi. Çünki həmin mərkəz Azərbaycan xalqının cənab İlham Əliyevə necə yanaşdığını da, dövlət çevrilişi hazırlayanların bunu bacarmayacaqlarını və planlarının tezliklə ifşa olunacağını da yaxşı bilirdi".

Mürtəza

Seçilən
98
4
olke.az

5Mənbələr