“Hazırkı vergi qanunvericiliyinə görə, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər, o cümlədən restoranlar, kafelər və catering xidməti göstərənlər, ardıcıl 12 aylıq dövrün istənilən ayında müştərilərinə təqdim etdikləri yemək məhsullarının satışından dövriyyəsi 200.000 manatdan artıq olduqda, sadələşdirilmiş vergi ödəmək hüququna malikdirlər. Bu halda, dövriyyənin miqdarından asılı olmayaraq, təqdim edilmiş yemək məhsullarından və satışdan kənar gəlirlərdən əldə olunan ümumi hasilat 8% dərəcə ilə sadələşdirilmiş vergi hesablanır”.
NOCOMMENT.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında vergi məsələləri üzrə ekspert Mehdi Babayev deyib.
O, bildirib ki, 1 yanvar 2026-cı il tarixindən tətbiq olunacaq Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsinə əsasən, sadələşdirilmiş vergi yalnız əhaliyə göstərilən ictimai iaşə xidmətləri üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə hesablanacaq:
“Belə ki, 2026-cı il yanvarın 1-dən başlayaraq, üç il müddətinə bu ödənişlər 6% dərəcə ilə sadələşdirilmiş vergiyə cəlb olunacaq. Şərt ondadır ki, nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemi ilə inteqrasiya edilmiş POS-terminal vasitəsilə həyata keçirilməlidir”.
Ekspert bildirib ki, bu, o deməkdir ki, əgər müştəri restoranda və ya kafedə aldığı xidmətin dəyərini bank kartı vasitəsilə nağdsız qaydada POS-terminaldan keçirirsə, belə ödənişlərdən formalaşan dövriyyə 8% deyil, 6% dərəcə ilə sadələşdirilmiş vergi hesablanacaq:
“Nəticədə, ictimai iaşə müəssisələri müştərilərindən ödəmələri POS-terminal vasitəsilə almağa maraqlı olacaqlar ki, 2% daha az vergi ödəsinlər”.