Bu ilin 24 iyununda Xankəndi şəhərində qadının evinə qanunsuz daxil olaraq xuliqanlıq hərəkətləri etmiş məmur cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin Mənzil fondunun idarə edilməsi və məskunlaşma departamentinin Xankəndi şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışan Bakı sakini 26 yaşlı Tural İmanov (soyad şərtidir) barəsində açılmış işin istintaqı başa çatıb.
Müəyyən edilib ki, iyunun 23-də Xankəndi şəhərində yerləşən “Nəqşicahan” restoranında Turalın iş yoldaşı İlqarın ad günü mərasimi keçirilib. İlqar tanışı Fidan Quliyevadan (şərti) həmin mərasimə müğənni dostu Ləmanı (şərti) da gətirməsini xahiş edib.
Məclisdə iştirak etdikdən sonra müğənni yaşadığı Gəncə şəhərinə qayıdıb. Bundan sonra sərxoş halda olan Tural və İlqar Ləmanla görüşmək məqsədilə gecə saat 01 radələrində Fidanın evinə gediblər. Onlar Ləmanın da həmin evdə olduğunu düşünüblər. Lakin qadın qapını açmayıb. Bunu görən Tural pəncərədən keçərək Fidanın azyaşlı övladları ilə yaşadığı mənzilə daxil olub. Səs-küyə qonşular da gəlib və dava-dalaş düşüb.
Hadisə nəticəsində Tural bir nəfərin barmağını sındırıb, həmçinin Fidana xəsarətlər yetirib.