Bakı, 3 dekabr, AZƏRTAC
Bu gün biz Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində geodeziya, kartoqrafiya və məkan məlumatlarının inkişafı ilə bağlı görüşürük. Bu platforma bizə hər bir ölkədə mövcud olan həlləri müzakirə etmək, texnologiyalar mübadiləsi aparmaq və digər iqtisadi sektorları inkişaf etdirmək imkanı verir. Bu, TDT-nin təcrübə mübadiləsi və türkdilli dövlətlərin qarşısında duran məsələlərlə bağlı birgə iş üçün əhəmiyyətli platformasıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikası Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin Milli Geodeziya və Məkan İnformasiyaları Mərkəzinin baş direktoru Rahimjan İmantayev jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, bu formatda növbəti TDT görüşünün Qazaxıstanda keçirilməsi planlaşdırılır. Baş direktorun sözlərinə görə, bu, dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi və texnologiyaların uyğunlaşdırılması üçün yeni imkanlar yaradacaq.
“Bu yüksəksəviyyəli görüşü təşkil etdiyinə görə ev sahibi ölkəyə təşəkkür etmək istərdim. Gələn il hər kəsi ölkəmizdə gözləyirik. Düşünürəm ki, həll yolları və qarşıda duran məsələlərlə bağlı bizdə də səmərəli müzakirələr aparılacaq. Ölkələrimizin iqtisadi problemlərini həll etmək üçün səylərimizi birləşdirməliyik ki, bizi təkcə dil deyil, həm də sərhədlər və ortaq tarix birləşdirsin”, - deyə o bildirib.
Rəhimjan İmantayev, həmçinin qeyd edib ki, Kartoqrafiya üzrə İşçi Qrupunun Bakı iclası türkdilli ölkələr arasında geodeziya, kartoqrafiya və məkan məlumatları sahələrində tərəfdaşlığın gücləndirilməsində mühüm addım olub, regionun texnoloji potensialının və rəqəmsal dayanıqlılığın artırılmasına töhfə verib.