ABŞ-ın təzyiqi, Yermakın istefası və daxildə artan siyasi risklər Kiyevdə qeyri-müəyyənliyi gücləndirir…
Poliqon xəbər verir ki, The Telegraph nəşri Ukrayna prezidenti Vladimir Zelenskinin müharibə dövründə ən çətin mərhələlərindən birinə qədəm qoyduğunu yazır. Son hadisələr, Prezident Ofisinin rəhbəri Andrey Yermakın istefası, parlamentdə büdcənin bloklanması və ABŞ-ın Kiyevdən ərazi güzəştləri tələb edən artan təzyiqləri Zelenskinin siyasi sabitliyini sual altına qoyub.
Nəşrin təhlilinə görə, Yermakın istefası Zelenskinin komandasında ciddi boşluq yaradıb və onun hakimiyyətinin əvvəlki kimi “sarsılmaz” görünmədiyini göstərib. Bu vəziyyət müxalifətə, o cümlədən sabiq prezident Petr Poroşenkoya siyasi fəallığı artırmaq imkanı verib. Beləliklə, uzun müddət davam edən qeyri-rəsmi “müharibə dövrü siyasi atəşkəsi” faktiki olaraq pozulub.
Ekspertlər xəbərdarlıq edirlər ki, antikorrupsiya araşdırmaları Zelenskinin özünü əhatə edərsə, böhran artıq təkcə siyasi deyil, sistem xarakteri ala bilər.
Bu fonda Ukraynada mümkün varis barədə də müzakirələr başlayıb. Xüsusilə, keçmiş baş komandan Valeri Zalujnının adı daha çox hallanır. Ekspertlərə görə, əgər ABŞ prezidenti Donald Tramp yeni “sülh razılaşması” prosesini irəli sürərsə, siyasi elita içində lider dəyişikliyi məsələsi daha da aktuallaşa bilər.
The Telegraph yazır ki, Kiyevdə çıxış yollarından biri kimi “milli birlik hökuməti” ideyası yenidən gündəmə gətirilib. Bu model siyasi parçalanmanı zəiflətmək və dövlət institutlarını sabitləşdirmək üçün mümkün həll variantı kimi dəyərləndirilir.
Ukraynanın gələcək siyasi trayektoriyası həm daxili güc balansından, həm də ABŞ ilə aparılan danışıqlardan asılı olacaq.
Poliqon.info