BAKI, 4 dekabr. TELEQRAF
Kaliforniyanı təmsil edən demokrat Konqres üzvü Cimmi Qomes Tramp administrasiyasının immiqrasiya ilə mübarizə üçün ayırdığı 175 milyard dolları amerikalıların mənzil almasına yönəltməyi nəzərdə tutan qanun layihəsi təqdim edib.
Teleqraf xəbər verir ki, Qomes “Newsweek”ə müsahibəsində bildirib:
“Bu qanun layihəsinin məqsədi ölkənin qarşı-qarşıya olduğu ən böyük problemlərdən biri – mənzil əlçatanlığı böhranını həll etməkdir. Trampın 'böyük gözəl qanunu'na saldığı anti-immiqrant 175 milyard dollarlıq vəsaiti amerikalılar üçün mənzilləri əlçatan etməyə yönəltmək istəyirik.”
Onun sözlərinə görə, vəsait kirayəçilərə maddi dəstək, ilk dəfə ev alanlar üçün ilkin ödəniş yardımı, yeni mənzillərin tikintisi, köhnə ticarət və ofis binalarının yaşayış sahəsinə çevrilməsi, ev sahibi olmaq istəyən hər bir vətəndaş üçün bərabər imkan yaradılmasına xərclənəcək.
Qomes bildirib ki, artan ev qiymətləri, yüksək ipoteka faizləri, sığorta haqları və vergi yükü səbəbilə milyonlarla amerikalı mənzil bazarından kənarda qalıb.