AZ

Szi Tsinpin və Makron Pekində danışıqlar aparıb

Tərəflər beynəlxalq siyasət və ticarət prinsiplərindəki ziddiyyətləri aradan qaldırmağa çalışır…

Poliqon xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Tsinpin Pekində Fransa prezidenti Emmanuel Makronla görüş keçirib. Bu, Makronun Çinə dördüncü rəsmi səfəridir və onu yenə böyük biznes nümayəndə heyəti müşayiət edir. Danışıqların əsas məqsədi iki ölkə arasında beynəlxalq siyasət və ticarət sahəsindəki fikir ayrılıqlarını yumşaltmaq olub.

Si Tsinpin görüş zamanı dünyanın “son yüz ilin ən böyük dəyişikliklər dövründən keçdiyini” vurğulayaraq Fransanı qlobal proseslərdə daha məsuliyyətli mövqe nümayiş etdirməyə çağırıb.

“Bəşəriyyət növbəti addımını seçdiyi tarixi kəsişmə nöqtəsindədir. Çin və Fransa məsuliyyət və qətiyyət göstərməli, çoxqütblülük bayrağını uca tutmalı, qaranlıq və dumanı yarıb doğru tarixi mövqedə dayanmalıdır”, deyə Si bildirib.

Fransa prezidenti Emmanuel Makron isə Paris və Pekin arasında mövqelərin yaxınlaşdırılmasının vacibliyini qeyd edib.

“Bəzən fikir ayrılıqları yaranır, lakin biz onların həllinə görə məsuliyyət daşıyırıq, çünki bu, ümumi xeyrə xidmət edir”, deyə Makron bildirib. Makron həmçinin Çin tərəfinin Ukraynada atəşkəsin əldə olunmasına təsir etmək üçün “həlledici imkanlara” malik olduğuna işarə edib.

Reuters-in məlumatına görə, danışıqlarda Avropa İttifaqının ticarət qaydalarını sərtləşdirmək niyyətləri də gündəmə gəlib. Agentlik yazır ki, Pekin xüsusilə yüksək subsidiyalı elektroavtomobil sektoruna görə Brüssellə ticarət gərginliyinin yumşaldılmasında maraqlıdır. Eyni zamanda, Çin tərəfindən 500 ədəd Airbus təyyarəsinin alınmasını nəzərdə tutan saziş də müzakirə mövzularından biri olub, lakin Reuters-in qiymətləndirmələrinə görə, Szi Tsinpin bu müqaviləni hələlik imzalamayacaq.

Rəsmi məlumatlara əsasən, Çin Fransanın yeddinci ən böyük ticarət tərəfdaşıdır və hər il Fransadan təxminən 35 milyard dollarlıq məhsul alır.

Poliqon.info

Seçilən
34
1
poliqon.info

2Mənbələr