AZ

Ermənistan hakimiyyətinin Apostol Kilsəsi ilə münaqişəsi sosial narazılığı daha da artırıb - ŞƏRH

Bakı, 4 dekabr, AZƏRTAC

Son vaxtlarda Ermənistanın siyasi həyatında baş verən proseslər ölkə daxilində demokratik institutların aşınması, insan haqlarının məhdudlaşdırılması və avtoritar idarəçilik praktikasının güclənməsi ilə bağlı ciddi narahatlıqlar yaradıb. Bununla bağlı narazılıqlar həm yerli ictimaiyyət, həm müxalif dairələr, həm də beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən müxtəlif səviyyələrdə dilə gətirilsə də, Qərbin, xüsusilə Avropa İttifaqının bu proseslərə qarşı nümayiş etdirdiyi susqunluq diqqət çəkir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyətin tədricən sərtləşməsi ən çox siyasi rəqiblərə yönələn təzyiqlərdə özünü büruzə verir: “Müxalifət qüvvələri uzun müddətdir ki, siyasi motivli təqiblərin, həbslərin, məhkəmə təzyiqlərinin və inzibati maneələrin artdığını qeyd edir. Fərqli siyasi düşərgələrdən olan liderlərin və fəalların ölkənin hüquq-mühafizə sisteminin hədəfinə çevrilməsi siyasi rəqabətin tamamilə zəiflədiyini göstərir. Ermənistan hökuməti ölkədə yaranan ictimai narazılığın genişlənməsinin qarşısını almaq üçün siyasi iştirak imkanlarını daraldır, real siyasi alternativlərin formalaşmasına mane olur. Bu proses isə demokratik legitimlik mexanizmlərinin zədələnməsinə gətirib çıxarır”.

S.Salmanova bildirib ki, Ermənistanda diqqət çəkən digər bir məsələ isə Apostol Kilsəsinə qarşı sərtləşən münasibətdir: “Dini institutun bəzi siyasi məsələlərdə tənqidi açıqlamaları fonunda hökumətin kilsənin fəaliyyətinə müdaxilə etdiyi, dini strukturları siyasi təsir altına almağa çalışdığı iddia olunur. Kilsə ətrafında baş verən təzyiq hallarının artması ölkədə dövlət-din münasibətlərində gərginliyin dərinləşdiyini göstərir. Ermənistan cəmiyyətinin böyük bir qismi üçün tarixi və kimlik baxımından mühüm yer tutan Apostol Kilsəsi ilə münaqişə sosial narazılığı daha da artırır. Bütün bu baş verənlər fonunda Avropa İttifaqı və digər Qərb institutları susqun mövqe sərgiləyir”.

Milli Məclisin deputatı vurğulayıb ki, demokratiya, insan haqları və hüququn aliliyi kimi universal dəyərlərdən danışan bu qurumların Ermənistandakı açıq antidemokratik proseslərə reaksiya verməməsi ikili standartların sistemli və məqsədyönlü şəkildə tətbiq olunduğunu göstərir: “Halbuki bəzi Qərb institutları və təşkilatları zaman-zaman Azərbaycana qarşı əsassız tənqidlər, böhtan və qarayaxma kampaniyaları aparıblar. Azərbaycanın qanunun aliliyi üzərində qurulmuş idarəetmə modeli, davamlı siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bəzi qüvvələrin gözünə görünmür. Ölkəmizdə aparılan islahatlar, siyasi institutların modernləşdirilməsi və partiyalararası konstruktiv dialoq onların maraqlarına uyğun olmadığı üçün görməzlikdən gəlinir. Ermənistana münasibətdə isə niyə səsləri çıxmır? Niyə açıq şəkildə müşahidə olunan hüquq pozuntuları və avtoritar meyillər qarşısında susurlar? Bütün bunlar bir daha göstərir ki, həmin Qərb institutları və təşkilatlarının mahiyyəti şər, böhtan və qərəzdən ibarətdir, yanaşmaları isə açıq şəkildə ikili standartlarla idarə olunur. Azərbaycan isə bu cür qərəzli və selektiv münasibətlərdən asılı olmayaraq, qanunun aliliyi, dövlət sabitliyi və inkişafını qoruyacaq”.

Seçilən
21
azertag.az

1Mənbələr