Saatlının Mollavazlı və Bəylər kəndləri içməli su ilə təmin olunub.
Publika.az xəbər verir ki, 3790 nəfər əhali mərkəzləşdirilmiş su təchizatı sistemi ilə təchiz edilib.
Belə ki, bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu işlərin davamı olaraq, Saatlı rayonunun Mollavazlı və Bəylər kəndlərində içməli su layihəsinin açılış mərasimi keçirilib.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Bildirilib ki, hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı istiqamətində böyük layihələr icra olunur. Bu layihələr növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan əhalinin dayanıqlı və keyfiyyətli içməli, eləcə də suvarma suyu ilə təmin olunmasıdır.