Rejissor tənqid olunan obrazla bağlı qeyd edib ki, Məhsəti Gəncəvini canlandıran Mina adlı gənc teatr aktrisasıdır: "O, səhnədə Məhsəti rolunu oynamaq istəyir və Məhsətinin öz şeirlərindən ilhamlanır. Bu film Məhsəti Gəncəvinin həyatı haqqında sənədli film deyil. Onun şeirləri bütün toplularda var - hamı artıq kitab almadan belə internetə girib oxuya bilər. Onun o vaxta görə bu qədər cəsur və azad poeziyası məni daha azad qadın obrazı yaratmağa ilhamlandırıb. Müasir gənclər, özlərini sərbəst hiss edən, həm sənətdə, həm də həyatlarında seçimlərini özləri edən obrazlar mənə maraqlıdır. Dünya kinosunda bu heç də təzə fikir deyil — müasir çağda, müasir gənclərin ritmində yaradılmış bir filmdir. Məhsəti Gəncəvi də görün min il qabaq necə şeirlər yazıb ki, bu günə qədər hamını heyrətə gətirir”. Suad Qarayeva onu da vurğulayıb ki, film başqa beynəlxalq festivallarda nümayiş olunacaq: “Film artıq ABŞ-da Mammoth Lakes Film Festivalında nümayiş olunub. Bizim çox istedadlı aktrisamız Fərqanə Abdullayeva Milan “Independent Film Awards”da “Best Actress” mükafatını alıb. Fevralda film Londonda festivalda olacaq. Ondan sonrasını isə artıq filmin distribütorları, Origine Films müəyyən edəcək”- deyə o bildirib. (Modern.az)