AZ

Taleyin ironiyasına bax, Azərbaycanı demokratik axsamada günahlandıranların özləri bu gün topal qalıb - RƏY

“İllər ərzində Azərbaycan Qərbdən və onun təsisatlarından çox deyil, bircə şey istədi - heç olmayan yerdə zərrə qədər obyektivlik. Region dövlətlərinə göstərilən dəstəyin hamısı olmasa da, yarısı, zərrəsi, ya yox yerdən ədalət, ya da heç olmasa, ikili standartların tətbiq edilməməsi. Heç biri baş tutmadı. Əksinə, edilməyən qalmadı. Brüsselin reaksiyası hər dəfə mənfi oldu, təklif edilən əməkdaşlıq formatları dəfələrlə, yubatmalarla yenidən nəzərdən keçirildi, itaətkar müttəfiq olmağımız üçün edilməyən təzyiqlər, təhdidlər qalmadı, yüksək səviyyəli görüşlər bəzən faktiki olaraq donduruldu və region ölkələrinə maliyyə proqramları ayrılanda Azərbaycandan yan keçdi. Taleyin ironiyasına bax, Azərbaycanı demokratik axsamada günahlandıranların özləri bu gün topal qalıb, şikəst olub, lələyirlər. Hərtərəfli deqradasiya yaşayan Avropa təsisatlarında korrupsiya, rüşvət tüğyan edir. "İkili standartları" tətbiq etmək qədər tənqid etmək vərdişi də bu gün normaya çevrilib. Azərbaycan tam haqqı çatsa belə, bunu normalaşdırmır. Lakin haqlı olan yerdə haqqını deməlisən”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

 

O bildirib ki, Avropa təsisatlarının "ikili standartlar"ı uydurulmayıb, məqsədyönlü düşünülüb, illər ərzində vahid və universal standartın olmaması ilə diktə olunub: “Korrupsiya qalmaqalı sadəcə Qərb təsisatlarını gözdən salmır, həm də daxildə kövrək siyasi konsensusa və siyasi quruluşa xələl gətirir. Bu da azərbaycanlıların “Ağacı qurd içindən yeyər” atalar sözünə tam uyğundur. Bu yerdə vurğulamaq lap yerinə düşər ki, Azərbaycan ənənəvi cəmiyyətdir... Təlqin edilən dəyərlər fonunda korrupsiya və rüşvət Avro strukturlara fundamental zərbədirsə, sözümüzün məzmunun məqsədi də, təyinatı da dəyərlərimizə zidd olan dəyərlərinizə “him eləməkdir”. Avropa institutlarının bu qədər korrupsiyalaşması, rüşvətə qərq olması bir daha sübut edir ki, tərif və gözə kül üfürülərək təlqin etdikləri həmin bu vahid standart nəinki bioloji həyatda, xüsusən də, siyasi və sosial həyatda da mövcud deyil. Universalist ideyalar onları qorumalı və təbliğ etməli olan kəslər tərəfindən zərbə alır. Bu zərbəni bu dəfə olmasa da, sən demə, gedən ayaqda Aİ-nin sabiq xarici siyasət rəhbəri Federika Mogerini vurub. Onun hüquq-mühafizə orqanları tərəfindən fırıldaqçılıq və korrupsiya işi çərçivəsində saxlanılması göstərir ki, ilk olmayan bu hadisə ilə korrupsiya reallığı Avro strukturlar üçün artıq deskriptiv deyil, strukturaldır. Araşdırma zamanı məlum olur ki, Qərbin siyasi isteblişmentində artıq kök salmış kəslər qərarların qəbulunda maddi maraqların və sifarişlərin dövriyyəyə girməsi ilə ədalət tərəzisini tamamilə əyməyə müvəffəq olublar. Bu tərəzini haqsızlığa doğru böyük həcmdə ağırlaşdıranlardan biri də Aİ-nin sabiq xarici siyasət rəhbəri Cozef Borrell olub. O Borell ki enerji müqavilələrinin sonlandırılması ilə bağlı son dərəcə məsuliyyətsiz, siyasətə naşı açıqlamalar verirdi. Narazılıq üçün sınaq universaldır. Korrupsiya qalmaqalanın bu dəfəki ifşası Qərbin növbəti sınağıdır. Siyasi ideologiyanın təməli kimi narazılıq da müasir dövrün məhsuludur. Əsas “məhsulu” insan hesab edən Qərb təsisatlarında hökm sürən bu böhran kimlik və şəxsiyyət böhranıdır. Bu, əslində Qərbin deformasiyasıdır. Avro təsisatların gur səslə dedikləri qanunlar, qaydalar, normalar və hüquqlar onlar kimi bizə də aiddir, ya da əksinə. Odur ki, Qərb təsisatları standartlarını vahidləşdirməlidir”.

 

Aytəkin Qardaşova

Tarix: 5 Dekabr 2025, 09:41   
Seçilən
72
pravda.az

1Mənbələr