AZ

Deputat evdən işləməkdən danışdı: "Zamanı gəlib"

Azərbaycanda əmək münasibətlərində yeni mərhələ başlanır.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərlə ölkədə evdən və məsafədən iş rəsmiləşdirilir. Bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında məlumat verilib. Qanun layihəsinə əsasən, məcəllənin 3-cü maddəsinə “məsafədən (distant) iş” anlayışı əlavə olunur və işçinin əmək funksiyasını müəssisədən kənarda, elektron və telekommunikasiya vasitələri ilə icra etməsi hüquqi çərçivəyə salınır.

Bununla bağlı “Cebheinfo.az”-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib ki, dünyada distant iş modeli artıq oturuşmuş bir təcrübə kimi tətbiq olunur.

O, məsafədən işin qanuniləşdirilməsini zamanın tələb etdiyi addım adlandırıb:

“Bu gün rəqəmsallaşma və süni intellekt iqtisadiyyatın içərisinə çox ciddi şəkildə daxil olub. Bu gün bir çox məsələlərin informasiya texnologiyaları vasitəsilə həlli artıq bir normaya çevrilib. Bu zaman işçinin müəssisədə olması, müdriyyətin ona nəzarət etməsinə artıq ehtiyac qalmır. Dünya praktikasında artıq distant iş məsələsi bir ənənəyə çevrilib. Şirkətlə işçi arasında əmək müqaviləsi bağlanır, onun qarşısına görəcəyi iş və vəzifələri qoyulur, əməkhaqqı haqda məlumat verilir. İş harada, hansı şəraitdə yerinə yetirməsi artıq onun öz işidir”. 

Aydın Mirzəzadə qeyd edib ki, bu gün dünyada iş prosesləri getdikcə daha çox rəqəmsallaşır və nəzarət mexanizmlər fiziki iştirakdan asılı deyil:

“Buna görə də distant iş Azərbaycanda müəyyən formada mövcud olsa da, artıq onu qanuniləşdirməyə ehtiyac var. Bu, imkan verəcək ki, bir çox müəssisələr qanuni şəkildə işçi ilə müqavilə bağlansınlar və ondan qarşılıqlı surətdə vəzifələrinin yerinə yetirilməsini tələb etsinlər. Bu, eyni zamanda Azərbaycandan olan IT mütəxəssislərinin xarici şirkətlər tərəfindən işə cəlb olunmasına da şərait yaradacaq. Bir sözlə, yeni dövrün tələbləri əmək münasibətlərində də öz əksini tapır və Azərbaycan da bunu zaman gəldikcə edir”. 

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr