Bakı, 5 dekabr, AZƏRTAC
İraqın rabitə naziri Həyam Əlyasirin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyini diqqətə çatdırıb.
Bu barədə AZƏRTAC-a Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olublar.
İraqlı nazir “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin, buradakı innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını və sözügedən təcrübənin öz ölkəsində tətbiqində maraqlı olduqlarını ifadə edib.