AZ

Londonda təmiz texnologiyalar üzrə təhsil alan azərbaycanlı startapçı ilə MÜSAHİBƏ

London, 5 dekabr, AZƏRTAC

22 yaşlı Emil Hüseynli təhsil və innovasiya sahəsində qazandığı uğurlarla fərqlənir. 2022-ci ildə təsis etdiyi “Agroficient” startapı Emil Hüseynlinin fəaliyyətində dönüş nöqtəsi olub. Layihə 2023-cü ildə KOBİA-nın qrant müsabiqəsində 19 min 900 AZN qazanıb və daha sonra ümumilikdə 250 min AZN investisiya cəlb edərək həm Azərbaycanda, həm də Estoniyada qeydiyyatdan keçib.

Bakı Ali Neft Məktəbində təhsilini 2025-ci ildə başa vurduqdan sonra Emil Hüseynli Böyük Britaniyanın aparıcı ali məktəblərindən olan London İmperial Kollecinin “Cleantech Innovation” (təmiz texnologiyalar və innovasiya) magistr proqramına qəbul olub. Emil Hüseynlinin AZƏRTAC-ın London bürosuna müsahibəsini təqdim edirik.

-Təmiz texnologiyalar və innovasiya üzrə magistr təhsilini seçməyinizə nə səbəb oldu?

-Bakalavr təhsilimi Bakı Ali Neft Məktəbində neft-qaz mühəndisliyi ixtisası üzrə almışam. Təhsilim enerjinin mühəndislik tərəfinə fokuslanırdı və bu sahədən tam ayrılmaq istəmirdim. “Cleantech Innovation” proqramının həm enerji və yaşıl texnologiyalar, həm də sahibkarlıq bacarıqlarını paralel şəkildə öyrətdiyini gördüm. Proqramın məni ən çox inkişaf etdirən tərəfi real problemlər üçün texnoloji həllər dizayn etmək, biznes modeli ilə mühəndisliyi əlaqələndirmək və istifadəçi mərkəzli dizayn (user-centered design) yanaşmasını dərindən qavramaq oldu.

- “Agroficient” startapını yaratmaq ideyası necə yarandı?

- Bakı Ali Neft Məktəbi İnnovasiyalar şöbəsinin əməkdaşı Elmar Əsgərzadə ilə tanışlıqdan sonra bir neçə startap layihəsi yaratmağa cəhd göstərmişik və bu proses sahibkarlığa marağımı artırıb. İdeyanın özü isə “ENACTUS 2022” yarışması üçün layihə hazırlayarkən yaranmışdı. Quraqlıq və su çatışmazlığı problemi Azərbaycanda real və kəskin olduğu üçün bu sahədə texnoloji həll yaratmaqla həm sosial, həm də iqtisadi dəyər yarada biləcəyimizi düşündük. Startapı təsis etdiyim zaman 19 yaşım var idi. Bu ideya sırf yarışma üçün deyil, ölkə və region üçün böyük ehtiyacdan doğmuş bir yanaşma idi.

-Startap kənd təsərrüfatında hansı yenilikləri təqdim edir?

-“Agroficient”in məhsulu torpağın su tutma qabiliyyətini artıran, suyu depolayıb bitkiyə tədricən qaytaran bioloji parçalanan kənd təsərrüfatı hidrogelləridir. Hazırladığımız hidrogel 100 faiz biodeqradasiya edə bilir, yəni 1 ildən sonra torpaqda tam parçalanır və kalium/ammonium ionlarına çevrilərək torpağı zənginləşdirir. Həmçinin qlobal rəqiblərinə nisbətən daha yüksək su tutma qabiliyyəti onu daha effektiv edir. İstifadə etdiyimiz xammal və hazırlanma texnologiyası ekoloji baxımdan təhlükəsiz sayılır. Bu məhsul Azərbaycan bazarında rəqibsizdir, xammalın yerli və ucuz olması məhsulu daha əlçatan edir. Bu xüsusiyyətlər məhsulun həm ekoloji, həm də iqtisadi baxımdan üstün olmasını təmin edir.

- Bu işdə ən böyük çətinliklə nə zaman üzləşdiniz və bunu necə aşdınız?

-Ən böyük çətinlik maliyyə problemi idi. Məhsulu inkişaf etdirmək üçün resurs çatışmazlığı yaranmışdı. Bu mərhələdə “Startupbootcamp”ın proqramına qoşulmağımız dönüş nöqtəsi oldu. Oradan əldə etdiyimiz 25 min avro investisiya və mentor dəstəyi bizi həm maliyyə, həm də strateji cəhətdən gücləndirdi. Bu təcrübə mənə öyrətdi ki, doğru vaxtda doğru şəbəkəyə daxil olmaq startap üçün ən böyük resursdur.

-Gənc yaşda CEO olmaq hansı məsuliyyətləri və üstünlükləri gətirir?

-Gənc yaşda CEO olmaq xaricdən çox cəlbedici görünsə də, onun həm üstün, həm də çətin tərəfləri var. Üstünlüklərin ən önəmlisi odur ki, çoxlarının yalnız 30 yaşdan sonra əldə etdiyi təcrübə və düşüncə tərzinə siz daha erkən sahib olursunuz. Üstəlik, risk götürərkən yalnız özünüzə cavabdehsiniz. Bu da qərarvermə azadlığını artırır və uğursuzluq halında başqasına təsir etmədiyinə görə risk alma bacarığınızı gücləndirir. Mənfi tərəflərdən biri və mənim üçün ən çətini emosiyaları idarə etməyin zəruriliyidir. Xüsusilə də əsəb və impulsiv reaksiya verməkdən çəkinmək lazımdır. İnvestorun tənqidi, VC-lərin (sərmayə fondu) yaşa görə sizi az dəyərləndirməsi kimi hallar əsəbləşdirməməlidir; əksinə, bunun sizi motivasiya edib daha yaxşı nəticə göstərməyə sövq etməsi vacibdir. Eyni zamanda, sosial çevrəni genişləndirsəniz də, vaxtın dəyərini bilmək üçün bəzi “gənclik fəaliyyətlərindən” təmkinli şəkildə uzaq durmaq lazım gəlir. Bu yol mənim üçün xüsusilə çətin idi, çünki təhsil aldığım sahə biznes və ya startapla birbaşa əlaqəli deyildi. Bu rola hazırlaşmaq üçün çox oxumuşam, mentorlarla işləyərək onların təcrübəsindən faydalanmışam və yeni layihələrlə özümü davamlı olaraq sınağa çəkmişəm. Startap qurmaq istəyən hər kəs üçün ən vacib qayda budur: egonu kənara qoymaq, verilən müsbət və mənfi rəyləri açıq şəkildə qəbul etmək və onlardan inkişaf üçün istifadə etmək.

-Müəllimləriniz biləndə ki, azərbaycanlısınız və gənc yaşda startap qurmusunuz, reaksiyaları necə olur?

-Adətən, çox müsbət olur. Müəllimlər həm mənim Azərbaycandan gəlib innovasiyayönümlü layihə qurmağımı maraqla qarşılayır, həm də gənc yaşda real bir problemi həll etməyə fokuslanmağımı yüksək qiymətləndirirlər. Çoxları “Agroficient”in necə yarandığını, hansı texnologiyadan istifadə etdiyini və bazarda hansı problemi həll etdiyini soruşur. Bəziləri isə layihəyə akademik və ya şəbəkə baxımından dəstək təklif edir. “Agroficient”in qrantlar, investisiyalar və beynəlxalq akselerasiya proqramları kimi nailiyyətləri həm müəllimlər arasında maraq yaradır, həm də universitetə qəbul prosesimdə mühüm rol oynayıb.

-Startapınızın kollecə daxil olmağa nə kimi köməyi oldu?

-London İmperial Kolleci startap və innovasiyayönümlü tələbələri yüksək qiymətləndirir. Belə ki, bu universitetdə oxuyan, bəlkə də, GPA balı ən aşağı olan tələbə mənəm. Amma məni istisna kimi ixtisasa qəbul etmələrinə səbəb sırf startap təcrübəm olub. Qəbul prosesi uzun çəkdiyindən proqram rəhbərimizə email göndərmişdim. Mənim innovativ layihə qurmağım onlarda maraq doğurmuşdu. Həm ixtisasımın startapla əlaqəsi olmamasına baxmayaraq, startap qurmağa yiyələnmişdim, həm də gənc yaşda real problemə fokuslanmışdım. Bunlar da müəllimlər tərəfindən hörmət və maraqla qarşılanmışdı.

-Gələcək hədəfləriniz nədir?

- Azərbaycan və Estoniyada satış həcmini genişləndirmək, Türkiyə və Mərkəzi Asiya bazarına daxil olmaq, yeni nəsil daha uzunömürlü və daha çox su tutan hidrogellər yaratmaq istəyirəm. Əsas məqsədim isə “Agroficient”i qlobal səviyyədə tanınan “cleantech” şirkətlərdən birinə çevirmək, su çatışmazlığı olan regionlarda real təsir yaratmaq və kənd təsərrüfatında resursların effektiv istifadəsinə töhfə verməkdir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
90
azertag.az

1Mənbələr