AZ

AİB: Nəqliyyat sahəsində karbon həcminin azaldılması ciddi məsələdir

Bakı, 5 dekabr, AZƏRTAC

İqlim dəyişmələrinin qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərdən biri də karbonsuzlaşdırmadır. Nəqliyyat sahəsində karbonun azaldılması ciddi məsələdir.

AZƏRTAC xəbər verir ki bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Asiya İnkişaf Bankı (AİB) ilə tərəfdaşlıq çərçivəsində dekarbonizasiya üzrə layihənin təqdimatı çərçivəsində AİB-nin Enerji Sektoru Ofisinin direktoru Sindi Sisneros-Tiangko mətbuata verdiyi açıqlamada deyib.

“Müasir dünyada dəmir yolları yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələ elektrikləşmə və rəqəmsallaşmadan ibarətdir. Bu transformasiyanı uğurla həyata keçirmək üçün islahatlar aparıb sistemi rəqəmsallaşdırmaq lazımdır. Bu gün Yaponiya və Çindən tutmuş Avstraliya və Avropaya qədər qlobal liderlər ağıllı, aşağı karbonlu dəmir yolu ekosistemləri qururlar. Azərbaycanın isə bu hərəkatın bir hissəsi olmaqla yanaşı, onun gələcəyinin formalaşdırılmasına töhfə vermək üçün unikal imkanı var”, - deyə AİB rəsmisi vurğulayıb.

S.Sisneros-Tiangko nəzərə çatdırıb ki, bərpaolunan enerji, batareya saxlanc sistemləri, ağıllı mikroşəbəkələr, rəqəmsallaşma, elektrikləşmə kimi yanaşmalar və bunların tətbiqi yanacaq istifadəsini azaldacaq: “Bu həllər modul və sistemli şəkildə tətbiq olunarasa ADY-nin uzunmüddətli enerji xərclərini azalda və karbon izini əhəmiyyətli dərəcədə kiçildə bilər. Dərin dekarbonizasiya ictimai və özəl kapitalı birləşdirən, yeni gəlir mənbələrinə yol açan yaradıcı maliyyələşdirmə tələb edir. Potensialın gücləndirilməsi olduqca əhəmiyyətli məsələdir. Batareya tenderləri, mikroşəbəkələr və ağıllı yarımstansiyalar kimi müasir texnologiyalar yalnız güclü institusional imkanlarla dəstəkləndikdə real dəyər yaradır”.

AİB nümayəndəsi vurğulayıb ki, təmsil etdiyi qurum müasir, aşağı karbonlu dəmir yolu sistemini onilliklər boyu idarə etmək üçün tələb olunan texniki, əməliyyat və idarəetmə bacarıqlarının formalaşdırılmasına xüsusi önəm verir.

“ADY-nin dekarbonizasiya ambisiyaları bu prioritetlərlə tam şəkildə üst-üstə düşür. Dəmir yolu yalnız təmiz nəqliyyat korridoru təminatçısı deyil, həm də bərpaolunan enerji istehsalçısı, yaşıl logistikanın hərəkətverici qüvvəsi və region üçün iqlimə uyğun, ağıllı infrastruktur modeli ola bilər”, - deyə AİB təmsilçisi bildirib.

Seçilən
22
azertag.az

1Mənbələr