Bakı, 5 dekabr, G.Mahmudlu, L.Muradzadə, AZƏRTAC
Azərbaycan dayanıqlı sosial müdafiə sisteminə malikdir və ölkəmizdə əhalinin sosial müdafiəsi, əmək və məşğulluq sahələrində geniş proqramlar icra edilir, əhalinin rifahı ildən-ilə artır.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda “Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq” adı altında keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda son altı ildə 5 sosial islahat paketi qəbul edilib. Həmin islahatlar əhalinin 40 faizini əhatə edib və ayrılan illik əlavə vəsaitin məbləği 4,5 milyard ABŞ dollarına bərabər olub. Nəticədə bu dövrdə minimum əməkhaqqı 3,1, minimum pensiya 2,9, orta aylıq pensiya 2,6, sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artıb.
Bildirib ki, əmək münasibətləri sahəsində işçilərin əmək və sosial hüquqlarının qorunması, layiqli əməyin və təhlükəsizliyinin təmin edilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması prioritetlərdir.
Ölkəmizin Beynəlxalq Əmək Təşkilatının 59 Konvensiyası və 1 Protokolunu ratifikasiya etdiyini diqqətə çatdıran A.Əliyev paralel olaraq daha 4 konvensiyanın ratifikasiya imkanlarının araşdırıldığını qeyd edib.
“Son illər cinsi ayrı-seçkiliyin aradan qaldırılması sahəsində görülmüş tədbirlər qadınların əmək bazarında iştirakının artırılmasına geniş imkan verib. Formal məşğulluğun təşviqi üzrə görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 45 faiz artıb və həmin artımın böyük hissəsi özəl sektorun payına düşüb. Həmin tədbirlər nəticəsində ölkə üzrə əməkhaqqı fondu 3,2 dəfə artıb”, - deyə nazir bildirib.