AZ

Ekspert: Azərbaycandakı şirkətlər daha çox yaşayış binalarının tikintisi sahəsində ixtisaslaşıblar

Bakı, 5 dekabr, AZƏRTAC

Bu gün Azərbaycanda fəaliyyət göstərən tikinti şirkətləri əsasən beş istiqamət üzrə ixtisaslaşıblar; Yaşayış binaları və mənzil tikintisi, kommersiya və ofis binalarının tikintisi, infrastruktur layihələrinin tikintisi, sosial və ictimai obyektlərin tikintisi, sənaye və energetika obyektlərinin tikintisi.

Tikinti üzrə ekspert Anar Qurbanov AZƏRTAC-a açıqlamasında bildirib ki, bu sahələr arasında ən geniş yayılmışı yaşayış binalarının tikintisidir.

“Əhali artdıqca yeni mənzillərə tələbat artır, buna görə bir çox şirkətlər bu istiqamətdə çalışır. Hazırda tikinti işlərinin təxminən 90 faizi özəl şirkətlər tərəfindən aparılır, xüsusilə Bakıda mənzil və kommersiya layihələri üstünlük təşkil edir. Regionlarda isə əsas diqqət məktəb, xəstəxana, yol və kommunal infrastruktur kimi sosial layihələrə yönəlib. Bu da ölkə üzrə tikinti fəaliyyətinin balanslı inkişafına şərait yaradır. Prezident İlham Əliyev tikintini ölkənin iqtisadi inkişafında əsas sahələrdən biri kimi qiymətləndirir və vurğulayır ki, “bütün şəhərlərimiz tikinti meydançasına çevrilib”. Bu, dövlət və özəl investisiyaları sektorunun genişlənməsinə ciddi təsir göstərir”, - deyə ekspert bildirib.

A.Qurbanov vurğulayıb ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı tikinti şirkətlərinin rolunu daha geniş çərçivəyə çıxarır: “Artıq onlardan şəhərin planlı inkişafına uyğun, davamlı, rahat və sosial infrastrukturu olan mühit yaratmaq tələb olunur. Baş Plana görə, tikinti şirkətləri şəhərin ümumi inkişafını dəstəkləyən, ekoloji və funksional baxımdan güclü yaşayış məkanları formalaşdırmalıdır”.

Seçilən
65
azertag.az

1Mənbələr