AZ

Saatlıda insan alverinə qarşı mübarizə mövzusuna həsr edilən maarifləndirici tədbir keçirilib

Bakı, 5 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Saatlı rayon Heydər Əliyev Mərkəzində "Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi" mövzusunda maarifləndirici tədbir təşkil edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, rayon icra hakimiyyəti başçısının müavini Mehriban Ağayeva çıxışında insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib, xüsusilə uşaqlarla bağlı mövcud problemlərin gündəmdə saxlanmasının vacibliyini vurğulayıb.

Sosial Xidmətlər Agentliyinin əməkdaşları mərkəzin fəaliyyəti, insan alveri anlayışı, onun formaları və uşaqlara qarşı insan alverinin xüsusiyyətləri barədə ətraflı məlumat veriblər. Tədbirdə uşaqların internet vasitəsilə cinsi istismara cəlb olunması kimi müasir risk faktorlarına xüsusi diqqət ayrılıb.

İştirakçıların sualları cavablandırılıb, uşaqların təhsildən kənarlaşması, baxımsızlıq, erkən nikah halları və həmin problemlərin həlli yolları ətrafında müzakirələr aparılıb.

Seçilən
70
azertag.az

1Mənbələr